AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Afaq Əliyeva və bu müəssisənin kiçik elmi işçisi Pərvanə Teyyubovanın həmmüəllifliyi ilə “Qulam Məmmədli arxivinin təsviri” adlı kitab çapdan çıxıb.
Yeni nəşr milli–mədəni irsimizin tədqiqi tarixində müstəsna xidmətləri olan mətnşünas alim, təzkirəçi, nasir, publisist, mətbuat araşdırıcısı Qulam Məmmədlinin adıçəkilən institutda saxlanılan şəxsi arxivindəki materialların təsvirinə həsr edilib.
Kitab “Tərcümeyi-hallar”, “Salnamələr”, “Topladığı əsərlər” , “Məktublar”, “Qulam Məmmədliyə aid sənədlər”, “Fotoşəkillər” adlı bölmələrdən ibarətdir. Nəşrin elmi redaktoru Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov, rəyçiləri fil.ü.e.d. Nailə Səmədova və fil.ü.f.d. Qətibə Quliyevadır.
Kitab Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.