www.science.az
12.02.2014 00:00

AMEA Zoologiya İnstitutunun əməkdaşı Sankt-Peterburq şəhərinə ezam olunub

AMEA Zoologiya İnstitutunun “Su heyvanlarının parazitləri” laboratoriyasının müdiri, biologiya üzrə elmlər doktoru Asif Manafov parazitoloqların Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş dəyirmi masasında iştirak edib. Tədbirdə A.Manafov ”Azərbaycanın su hövzələrində Melanopsis pramorsa mollyuskunun trematod faunası” mövzusunda məruzə ilə çıxış edib.

Səfər çərçivəsində A.Manafov Rusiya Parazitoloqlar Cəmiyyətinin prezidenti, professor K.V.Qalaktionov, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin “Heyvanların sistematikası və ekologiyası” İnstitutunun direktoru, professor V.V.Qlupov, Sankt-Peterburq Dövlət Universitetinin “Onurğasızlar zoologiyası” kafedrasının müdiri, professor A.İ.Qranoviç, A.İ.Gertsen adına Rusiya Dövlət Pedoqoji Universitetinin “Zoologiya” kafedrasının müdiri, professor G.L.Atayev və digər alimlərlə də görüşüb. Görüşlərdə müasir parazitoloji tədqiqatların inkişaf perspektivləri və yeni metodları barədə fikir mübadiləsi aparılıb, birgə əməkdaşlıq istiqamətində razılıq əldə edilib.

Qeyd edək ki, səfər Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.