www.science.az
21.02.2017 09:39

AMEA-nın müxbir üzvü Vaqif Quliyevin 60 yaşı tamam olur

Fevralın 22-də tanınmış riyaziyyatçı alim, Riyaziyyat və Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vaqif Quliyevin  60 yaşı tamam olur.

Vaqif Quliyev 1957-ci ildə Salyan şəhərində anadan olmuşdur. O, 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, təyinatla Azərbaycan SSR EA-nın Kibernetika İnstitutuna göndərilmişdir. 1980-1983-cü illərdə aspiranturada təhsil almışdır.

1983-cü ildə Azərbaycan Dövlət Universitetində “Anizotrop sinqulyar inteqral operatorların tədqiqi” mövzusunda namizədlik, 1994-cü ildə Rusiya EA-nın V.A. Steklov adına Riyaziyyat İnstitutunda “Bircins qruplarda və Rn oblastında təyin olunmuş funksiyalar fəzasında inteqral operatorlar” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1997-ci ildə professor elmi adını almışdır.  2014-cü ildə isə AMEA-nın müxbir üzvü seçilmişdir.

1978-1983-cü illərdə AMEA-nın Kibernetika İnstitutunda baş elmi işçi, 1983-1995-ci illərdə BDU-nun Riyazi analiz kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2008-ci ildən həmin kafedranın professorudur.

1999-2001-ci illərdə BDU-nun Riyazi analiz şöbəsi nəzdində Harmonik analiz laboratoriyasının rəhbəri, 2001-2003-cü illərdə həmin şöbənin müdir müavini, 2005-2014-cü illərdə isə burada baş elmi işçi vəzifələrində çalışmışdır. 2014-cü ildən isə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiridir. Eyni zamanda, bu müəssisənin elmi işlər üzrə direktor müavinidir.

V.Quliyev 1985-1990-cı illərdə V.A.Steklov adına Riyaziyyat İnstitutunda apardığı araşdırmalar zamanı bircins Li qruplarında təyin olunmuş yeni lokal Morri tipli fəzaları daxil etmiş və bu fəzalarda müəyyən daxiletmə teoremlərini araşdırmışdır. Onun əsas elmi fəaliyyət istiqamətləri bircins tipli fəzalarda, bircins Li qruplarında və n-ölçülü Evklid fəzasının oblastlarında təyin olunmuş funksional fəzalarda inteqral operatorlar nəzəriyyəsinə, çoхdəyişənli diferensiallanan funksiyalar fəzaları üçün daхilolma teoremləri nəzəriyyəsinə, Heyzenberq qruplarında təyin olunmuş funksional fəzalar üçün yaхınlaşmalar nəzəriyyəsinə, banaхqiymətli funksional fəzalar nəzəriyyəsinə həsr olunmuşdur. Alim, həmçinin çoхölçülü kompleks oblastlarda təyin olunmuş holomorf və harmonik funksiyalar fəzaları nəzəriyyəsi, Morri tipli fəzalarda inteqral operatorların məhdudluğu və onların diferensial tənliklər nəzəriyyəsinə tətbiqi məsələləri ilə də məşğul olmuşdur.

Professorun elmi-tədqiqat layihələri bir sıra beynəlxalq qrantlara layiq görülmüşdür. O, 250-dən artıq elmi əsərin, o cümlədən 2 monoqrafiyanın müəllifidir. Elmi məqalələrinin 150-dən çoxu Thomson Reuters siyahısında olan impakt faktorlu beynəlxalq jurnallarda çap edilmişdir.

Alimin kadr hazırlığı sahəsində də böyük xidmətləri vardır. Onun rəhbərliyi ilə 20 fəlsəfə və 2 elmlər doktoru hazırlanmışdır. Hazırda o, fəlsəfə və elmlər doktoru hazırlığı üzrə  dissertant və doktorların elmi rəhbəri kimi kadr hazırlığı işlərini davam etdirir.

V.Quliyev respublikanın elmi-ictimai həyatında da fəal iştirak edir. O, müxtəlif illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun nəzdində ixtisaslaşdırılmış müdafiə şurasının, Azər­bay­can Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının riyaziyyat və mexanika üzrə ekspert şurasının, BDU-nun Elmi Şurasının, bir sıra Dissertasiya Şuralarının üzvü, Azərbaycan Riyaziyyat Cəmiyyətinin idarə heyətinin üzvü olmuşdur.

Hazırda Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvüdür. Alim bir sıra nüfuzlu Thomson Reuters siyahısında olan beynəlxalq jurnalların rəyçisidir.

Prof. V.Quliyev elmi nailiyyətlərinə görə 1993-cü ildə Amerika Riyaziyyat Cəmiyyətinin "Soros Foundation" mükafatına layiq görülmüş, 2000-ci ildə yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.  2002-ci ildə “NATO Science Prop Coll Linkage Grand”, 2008-ci ildə İNTAS layihəsində ən aktiv “team leader” mükafatlarına layiq görülmüşdür. 2014-cu ildə "Avropa Nəşr Mətbu Evi" nin mükafat komissiyasının qərarı ilə “Ən yaxşi vətənpərvər tədqiqatçı alim qızıl medalı” ilə təltif olunmuşdur.

V.Quliyevin sədrliyi ilə 20-27 may 2011-ci il tarixlərində Türkiyənin Ahi-Evran Universitetində dünyanın 15 ölkəsinin aparıcı alimlərinin iştirakı ilə “Operators on Morrey-Type Spaces and Applications – OMTSA 2011” adlı beynəlxalq simpozium keçirilmişdir.

Riyaziyyatçı alimi 60 illik yubileyi münasibəti ilə təbrik edir, ona möhkəm can sağlığı, elmimizin inkişafı yolunda nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.