www.science.az
23.02.2017 09:51

AMEA-nın prezidenti ölkənin birinci xanımı Mehriban Əliyevaya təbrik məktubu ünvanlayıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

 Mehriban xanım Əliyevaya

Çox hörmətli Mehriban xanım!

Sizin, uzun illər ərzində çoxşaxəli fəaliyyəti ilə müstəqil Azərbaycanın tərəqqisinə əvəzedilməz töhfələr verən respublikamızın birinci xanımının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmağınız xalqımız tərəfindən böyük sevinc hissi ilə qarşılandı. Bu münasibətlə Sizi elmi ictimaiyyət  adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə, milli maraqların qorunmasına, ölkəmizin beynəlxalq imicinin yüksəldilməsinə hədəflənmiş bu məsuliyyətli və şərəfli vəzifənizin həyata keçirilməsində uğurlar arzulayırıq! 

Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində ölkənin demokratik idarəedilməsi mexanizmlərinin təkmilləşdirilməsi, daxili sabitliyin qorunub saxlanılması, respublikamızın beynəlxalq imicinin yüksəldilməsi istiqamətində böyük uğurlar əldə edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasında dəyişiklik edilməsi ilə bağlı ölkəmizdə həyata keçirilən referendumun nəticələri bir daha sübut etdi ki, xalqımız bu siyasəti yekdilliklə dəstəkləyir. Biz əminik ki, Siz Azərbaycan Respublikasının Birinci vitse-prezidenti olaraq, cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət siyasətinin daha da gücləndirilməsinə öz töhfələrinizi verəcəksiniz.

Dünyada və regionda olduqca mürəkkəb hadisələrin cərəyan etdiyi müasir şəraitdə müstəqil Azərbaycanın dövlət idarəetməsində  mühüm əhəmiyyətə malik belə bir yüksək vəzifəyə Sizin təyin edilməyiniz heç də təsadüfi deyildir. Siz  neçə illərdir ki, Milli Məclisin deputatı və Yeni Azərbaycan Partiyasının sədr müavini kimi  yüksək siyasi potensiala malik olduğunuzu əməli fəaliyyətinizlə  təsdiqləmisiniz. Fəaliyyətinizdə milli maraqların daim prioritet təşkil etməsinin nəticəsidir ki, Siz bütün xarici səfərlərinizdə, keçirdiyiniz görüşlərdə müstəqil dövlətimizin maraqlarını yüksək səviyyədə müdafiə edirsiniz.

Müasir dövrdə Siz həm də Azərbaycan mədəniyyətinin hamisi və yorulmaz təbliğatçısısınız. Məhz Sizin sayənizdə Azərbaycanın tarixi abidələri, muğam, saz, tar, Novruz bayramı dünyanın maddi-mədəni inciləri sırasına daxil edilmişdir. Son illərdə Sizin həyata keçirdiyiniz  möhtəşəm mədəniyyət layihələri  rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunu əsl mədəniyyət himayədarına çevirib. Siz “Avroviziya” mahnı müsabiqəsində gənc istedadlara verdiyiniz dəstəklə müa­sir musiqinin  sivil Şərq ölkəsi olaraq Azərbaycan üçün əlçatmaz olmadığını dünyaya nümayiş etdirdiniz.

Fəaliyyətinizin əsas istiqamətlərindən birini Azərbaycan təhsilinin inkişafı təşkil edir. Siz “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” layihələri, “Uşaq evləri və İnternat məktəblərinin inkişafı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı proqramı”  üzrə yüzlərlə orta məktəb və uşaq bağçası binalarının təməlini qoymuş və   bərpasına nail olmusunuz. Sizin rəhbərliyinizlə “Təhsilə dəstək” layihəsi ölkə sərhədlərini aşaraq dünyanın müxtəlif güşələrində yaşayan soydaşlarımızı da əhatə etmişdir.

Sizin dövlət və xalq qarşısında ən böyük xidmətinizdən biri 2004-cü ildə təsis edilmiş Heydər Əliyev Fondu ilə bağlıdır. Rəhbərlik etdiyiniz  Fond dünya şöhrətli dövlət xadimi, Ümummilli lider Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni inkişafını, xalqımızın maddi rifahının yaxşılaşması, onun min illər boyu yaratdığı, yaşatdığı dəyərlərin qorunması naminə müəyyən etdiyi siyasətin öyrənilməsi, təbliği və bu ideyaların həyata keçirilməsi istiqamətində misilsiz rol oynayır. Heydər Əliyev Fondunun   milli-mənəvi dəyərləri qoruyaraq himayə etməsi, əslində Azərbaycançılığa elmi əsaslarla töhfənin bariz nümunəsidir.

Çoxşaxəli fəaliyyətinizdə idmanın inkişaf etdirilməsi xüsusi istiqamətlərdən birini təşkil edir. "Bakı-2015" birinci Avropa Oyunlarının, "Formula 1" Bakı Qran Prisinin və bir sıra digər beynəlxalq miqyaslı möhtəşəm idman tədbirinin uğurla həyata keçirilməsi məhz Sizin təşkilatçılığınız sayəsində mümkün olmuşdur. Həyata keçirdiyiniz bu layihələr nəticəsində artıq Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir.

Sizin  milli tarixi ənənələrə əsaslanan fəaliyyətiniz sayəsində müstəqillik illərində, xüsusən, son on ildə Azərbaycan qadınlarının ictimai fəallığı bütöv bir hərəkat səviyyəsinə yüksəlmişdir. Bu gün Siz dünyaya sülhün, həmrəyliyin və qardaşlığın gözü ilə baxaraq Azərbaycan qadınının haqq səsinə çevrilmisiniz. Qloballaşan dünyanı tolerantlığa, dünyəvi dəyərlərə, insan haqlarına çağırmaqla Azərbaycan qadınının mənəvi aləminin təmsilçisinə çevrilir, onu dünyaya tanıdırsınız.

Çox hörmətli Mehriban xanım!

Sizi, mənəvi və intellektual enerjisini ölkəmizin inkişafına yönəltməklə Azərbaycan qadınının ictimai fəaliyyətinin yeni səhifəsini açmış  respublikanın birinci xanımını bir daha Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmağınız münasibətilə  elmi ictimaiyyət adından səmimi qəlbdən təbrik edirik. Biz əminik ki, bu hadisə müasir Azərbaycan dövlətçiliyi tarixində elmi-intellektual inkişaf modelinə əsaslanan və sosial-iqtisadi, mədəni-mənəvi tərəqqi ilə müşahidə olunan ölkəmizin yeni inkişaf mərhələsinin başlanğıcı olacaqdır.

Dərin hörmətlə,

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,

akademik Akif Əlizadə