Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mətnin tonallığının analizi sosial şəbəkələrdə istifadəçilərin məlumatlarının emosional tərkibinin qiymətləndirilməsinə imkan verir
24.02.2017 12:35
  • A-
  • A
  • A+

Mətnin tonallığının analizi sosial şəbəkələrdə istifadəçilərin məlumatlarının emosional tərkibinin qiymətləndirilməsinə imkan verir

AMEA İnformasiya Texnologiyaları İnstitutunun sektor müdiri İradə Ələkbərova Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi seminarda “Emosiya informatikası: mətnin tonallığının analizi üsulları” mövzusunda məruzə ilə çıxış edib. Psixoloji proses olan emosiyanın insan hissiyyatının kompleks və mürəkkəb forması olduğunu bildirən məruzəçi emosiologiyanın İKT-nin inkişafı ilə tədricən informatikanın tədqiqat sahələrindən birinə çevrildiyini diqqətə çatdırıb.

“Emosiya haqqında məlumatı müxtəlif tipli statik və ya dinamik rejimlərdə olan informasiyadan avtomatik əldə etmək mümkündür”, – deyən sektor müdiri informasiya texnologiyalarında emosiyaların analizində müxtəlif metod və modellərdən istifadə olunduğunu söyləyib. O, üz cizgiləri, audioinformasiya, klaviaturada barmaq hərəkətlərindən əldə olunan informasiya əsasında emosiyanın təyini üsulları barədə məlumat verib.

İ.Ələkbərova mətnin tonallığını müəyyən edən faktorları təqdim edərək mətnə emosional qiymət vermək üçün tonallığın analizi sahələri, mətndə emosiyaların verilməsi üsulları, emosiyaların analizində əsas istiqamətləri, o cümlədən mətnin tonallığının analizinə dair yanaşmaları diqqətə çatdırıb.

Qeyd edib ki, sosial şəbəkələrdə mətnin tonallığının analizi istifadəçilərin məlumatlarının emosional tərkibinin qiymətləndirilməsi üçün həyata keçirilir. Mətnlərdə emosiyaların avtomatik təyini şirkətlərin sosial mediada öz məhsulları haqqında rəyləri analiz etməsinə, o cümlədən dövlət təhlükəsizliyi sahəsində qeyri-qanuni fəaliyyətlər haqqında məlumatların aşkar olunmasına imkan verir. Məruzəçinin sözlərinə görə, real zaman rejimində sosial media vasitələrində hadisələr, məhsullar, təşkilatlar, şəxslər və ölkələrin avtomatik qiymətləndirilməsi üçün “Opinion Mining” və “Sentiment analysis” alqoritmlərindən geniş istifadə olunur.

Sonda İ.Ələkbərova mətnin emosional tonallığını avtomatik müəyyənləşdirən “Tone Analyzer”, “Kanjoya”, “Lexalytics”, “Taste Analytics”, “Pulse of theNation” sistemləri, həmçinin bu sahədə keçirilmiş konfranslar, emosiyanın analizinə dair nəşrlər barədə ətraflı məlumat verib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: