www.science.az
18.02.2014 00:00

Fevralın 10-da baş vermiş zəlzələdən sonrakı proqnozlar və təşvişlər əsassızdır

Fevralın 10-da Hacıqabul yaxınlığında baş vermiş 5,8 maqnitudalı zəlzələ AMEA Geologiya İnstitutu və ABŞ alimləri tərəfindən birgə aparılan tədqiqatların nəticələrini doğruldur. Belə ki, 1998-ci ildən 2010-cu ilə qədər aparılmış araşdırmalardan sonra institutun direktoru, akademik Akif Əlizadə, elmi işlər üzrə direktor müavini, akademik İbrahim Quliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov, həmçinin ABŞ-ın Massaçusets Tenxnologiya İnstitutunun alimləri - Mayk Floyd, Robert Reylinger, Sadi Kuleli, Kinq və Nafi Toksöz 2012-ci ildə “Natural Hazard” jurnalında birgə məqalə dərc etdirmiş, Şərqi Qafqaz ərazisində geodinamik prosesləri təsvir etmişlər. Alimlər bu elmi məqalə ilə Kür çökəkliyi, Abşeron, xüsusən də Bakıda yer qabığının sıxılması nəticəsində baş verən deformasiya prosesləri barədə ətraflı məlumat vermişlər. Bildirmişlər ki, bu ərazidə toplanmaqda olan güclü enerji yaşayış məntəqələrinə və Bakı ətrafında neft infrastrukturuna təhlükə törədə bilər. 

F.Qədirovun sözlərinə görə, 16 ildir Geologiya İnstitutunun alimləri amerikalı həmkarları ilə birgə GPS (qlobal yertəyinetmə sistemi) stansiya və məntəqələrinin imkanlarından istifadə edərək Qafqaz regionu, həmçinin Xəzər dənizində monitorinqlər aparır, yerin dərinliklərindəki prosesləri öyrənir. Müasir elmi-tədqiqat texnologiyaları vasitəsi ilə izlənilən vəziyyətin təzahürü fevralın 10-da təbii yolla hər kəs tərəfindən müşahidə olunmuşdur. Alim bildirir ki, məqalədə böyük dağıntılara səbəb olacaq zəlzələdən söhbət getmir. KİV-lərdə geniş miqyaslı fəlakətlər barədə yayılan informasiyalar məqalənin müəlliflərinə aid deyildir. 

Xatırladaq ki, “Natural Hazard” jurnalındakı məqalə yeni dərc olunduqda müəlliflərin məlumatları müəyyən KİV tərəfindən düzgün tərcümə olunmamış, yanlış anlaşılmış və ictimaiyyətdə böyük çaşqınlığıa səbəb olmuşdur. Sonra, alimlər açıqlama verərək məsələyə aydınlıq gətirmişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.