Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

09.03.2017 13:16
  • A-
  • A
  • A+

"Azərbaycan Respublikası Xatirə Kitabı”nın 15-ci cildinin təqdimatı olub

"Azərbaycan Respublikası Xatirə Kitabı”nın 15-ci cildinin təqdimatı olub

Martın 9-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Azərbaycan Respublikası Xatirə Kitabı”nın 15-ci cildinin təqdimatıkeçirilib.

Respublika Veteranlar Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov “Xatirə Kitabı”nın hazırlanmasına sovet dövründən başlandığını vurğulayıb.

“Azərbaycan Respublikası Xatirə Kitabı”nın hazırlanması yönündə mühüm addımların atılmasına yalnız ümummilli lider Heydər Əliyevin ölkəmizdə hakimiyyətə qayıdışından sonra başlanılıb”, - deyən C.Xəlilov vurğulayıb ki, ulu öndər 1997-ci il dekabrın 23-də “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” Qanunu imzalaması ilə bu kitabın nəşri kimi ciddi zəhmət tələb edən proses sürətlənib. Bunun nəticəsi olaraq, həmin il “Respublika Xatirə Kitabı”nın birinci cildi çapdan çıxıb. Prezident İlham Əliyevin xalqımızın tarixinin və mədəniyyətinin öyrənilməsinə, təbliğinə yüksək diqqət və qayğısı sayəsində “Azərbaycan Respublikası Xatirə Kitabı”nın artıq 15 cildi hazırlanaraq işıq üzü görüb.

Bildirib ki, nəşrdə Vətən yolunda canından keçmiş soydaşlarımız haqqında yığcam bioqrafik arayışlar verilir. “Respublika Xatirə Kitabı”nın 15-ci cildində isə soyadı “U”, “Ü”, “V” hərfləri ilə başlayan 20 minə yaxın soydaşımızla bağlı məlumatlar əksini tapıb. Kitab İkinci Dünya müharibəsində, Azərbaycanın milli istiqlal mübarizəsində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, ölkəmizin ərazi bütövlüyü uğrunda və müstəqilliyimiz yolunda gedən döyüşlərdə, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı həlak olmuş, itkin düşmüş Vətən övladlarının əziz xatirəsinə həsr olunub.

Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, akademik Ziyad Səmədzadə, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, “Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova  və başqaları çıxışlarında “Respublika Xatirə Kitabı”nın yaradılmasının əhəmiyyətindən, müharibələrdə vuruşmuş soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsindən, Azərbaycan xalqının və Bakı neftinin faşizm üzərində Qələbənin qazanılmasında danılmaz rolundan, ümummilli lider Heydər Əliyevin Böyük Vətən müharibəsi iştirakçılarına göstərdiyi diqqət və qayğıdan danışıblar.

Natiqlər xalqımızın, gənclərimizin və dünya ictimaiyyətinin geniş məlumatlandırılması işində, vətəndaşlarımızın müharibədə həlak olmuş və itkin düşmüş yaxınlarının tapılmasında bu kitabın önəmini qeyd ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: