www.science.az
10.03.2017 17:56

AMEA-nın dünyanın nüfuzlu elmi informasiya bazalarında göstəriciləri artıb

Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında AMEA elmi müəssisələrinin Direktorları Şurasının növbəti iclası keçirilib.

İclasda AMEA Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin Elmi-analitik şöbəsinin rəisi Fail Kazımov AMEA-nın "Web of Science", "Scimago Journal & Country Rank" kimi dünyanın nüfuzlu elmi bazalarında əsas göstəriciləri, akademik sosial şəbəkələrdən istifadə vəziyyəti ilə bağlı çıxış edib. F.Kazımov Akademiyanın 2016-cı ildə "Web of Science" bazasında nəşr olunmuş elmi əsərləri, onlara olan istinadlar, bu bazada AMEA-nın respublikanın universitet və digər elmi tədqiqat müəssisələri, həmçinin xarici elmi qurumlarla birgə dərc olunmuş elmi əsərlər haqqında geniş məlumat verib: “Ötən il AMEA alimləri tərəfindən “Web of Science”  bazasında 427 elmi əsər işıq üzü görüb və bu əsərlərin 97 %-ni məqalələr təşkil edir. Bu, respublika üzrə “Web of Science” bazasına daxil olan elmi əsərlərin 56%-i deməkdir. Bazaya daxil olan elmi əsərlərin 25,3%-nin xarici ölkə alimləri ilə birgə nəşr olunması AMEA-nın beynəlxalq əlaqələrinin genişlənməsinin əsas göstəricilərindən biridir”.

Şöbə rəisi bildirib ki, AMEA “ScimagoInstitutionsRanking” bazasının araşdırmasına əsasən 5147 təşkilat arasında 672-ci, “RankingWeb of ResearchCenters” bazasının araşdırmasına görə isə 7953 təşkilat arasında 1872-ci yerdədir. F.Kazımov AMEA-nın əməkdaşlarının “ResearchGate” və “Academia.edu”  kimi dünyanın nüfuzlu akademik sosial şəbəkələrindən istifadə vəziyyəti, əsas üstünlükləri və akademik sosial şəbəkələrdə istifadəçi aktivliyinin artırılması zəruriliyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.