www.science.az
14.03.2017 18:17

AMEA alimləri Xaçmazda Şollar su mənbəyi ilə tanış olublar

Martın 14-də AMEA prezidenti, akademik Akif Əlizadənin rəhbərliyi ilə bu qurumun Rəyasət Heyətinin üzvlərinin, bir sıra elmi müəssisə və institut direktorlarının, həmçinin Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksinin layihə rəhbəri Uilyam Lindleyin nəslinin davamçıları və xarici qonaqların Şollar su mənbəyinə, Taxtakörpü su anbarına, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfərləri təşkil olunub.

Səfər “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında Bakı şəhərində keçirilən I Bakı Beynəlxalq Su Həftəsi çərçivəsində Şollar-Bakı Su Təchizatı Qurğuları Kompleksinin 100 illik yubileyi münasibətilə təşkil olunub.

Tədbir iştirakçıları öncə Şollar su mənbəyi ilə də tanış olublar. Bildirilib ki, bu su mənbəyi Abşeron yarımadasının içməli su təchizatı üçün çəkilmiş ilk kəmərdir. Birinci Bakı Su Kəməri adı ilə tarixə düşən bu kəmər mənbəyini Xaçmaz rayonunun inzibati ərazisi olan Xudat şəhəri yaxınlığındakı Şollar kəndindəki yeraltı sulardan götürür. İngilis mühəndis Uilyam Lindleyin layihəsi əsasında çəkilən su kəmərinin tikintisi XX əsrin əvvəllərinə təsadüf edir. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən kəmər 100 ilə yaxındır ki, Bakı əhalisini su ilə təmin edir.

“Şollar” kəməri ellipsoid formalı monolit betondan hazırlanmış borulardan çəkilib. Hündürlüyü 1,7 metr, eni 1,2 metr olan borular marşrut boyunca torpağa basdırılıb. Borular özüaxımlı rejimi təmin etmək üçün ərazinin relyefindən asılı olaraq bəzi yerlərdə torpağın 2, bəzi yerlərdə isə 8 metr dərinliyində yerləşir.  “Şollar” artezian üsulu ilə qazılmış 24 quyu və lay sularından qidalanır.

Sonra Taxtakörpü su anbarı ilə tanış olan qonaqlara qurğu haqqında geniş məlumat verilib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirib ki, sahəsi 8,71 kvadratkilometr olan bu qurğunun ümumi su tutumu 270 milyon kubmetrdir. Gölün faydalı su həcmi 238,4 milyon kubmetrdir. Gil nüvəli torpaq bənd olan bu hidrotexniki qurğunun dibdən eni 754, hündürlüyü 142,5 metrdir. Bu, nəinki regionda, o cümlədən Avropada ən hündür torpaq bəndlərindən biridir.

Burada müasir işıqlandırma sistemi quraşdırılmış, ərazidəki yollara asfalt döşənmişdir. Təkcə Taxtakörpü su anbarının bəndinin gövdəsində 23 milyon kubmetrdən çox torpaq işi görülmüşdür. Ümumilikdə Taxtakörpü su anbarı, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının inşasında 86 milyon kubmetrdən çox torpaq, 817 min kubmetr dəmir-beton, eləcə də 62,7 min ton metal və armatur işləri yerinə yetirilmişdir. 

Tədbir iştirakçıları Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi ilə də tanış olublar. Bildirilib ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilən hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunan suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir.

Məhsuldarlığı saniyədə 6,6 kub metr olan kompleksdə 5280 ədəd membrane tipli süzgəc quraşdırılıb. Süzgəclərdə emal prosesi heç bir kimyəvi təmizləmə aparılmadan mexaniki üsulla həyata keçirilir. Kompleks 2016-c ildə Abu-Dabidə keçirilmiş Qlobal Su Sammitində dünyanın ən önəmli su layihələrindən biri seçilmişdir.

Qonaqlar Şollar su mənbəyi və Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfərdən məmnun olduqlarını bildiriblər, Azərbaycanda qədim su təchizatı sahəsində bu kimi uğurların əldə edilməsini, ən müasir texnologiyaların tətbiqini yüksək qiymətləndiriblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.