Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Qədim türk dastanları” kitabının təqdimatı olub
15.03.2017 13:00
  • A-
  • A
  • A+

“Qədim türk dastanları” kitabının təqdimatı olub

Yazıçılar Birliyinin Natəvan Klubunda “Qədim türk dastanları” kitabının təqdimat mərasimi keçirilib. 

Kitab Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə vəsaiti və AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin dəstəyi ilə “Türk dünyası ədəbi abidələri” layihəsi çərçivəsində nəşr olunub. 

Nəfis tərtibatla nəşr edilmiş kitabın  elmi redaktoru və ön sözün müəllifi Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovdur

Tədbirdə çıxış edən Xalq yazıçısı Çingiz Abdullayev ictimaiyyətə təqdim olunan nəşrin əhəmiyyətindən danışıb. Bildirib ki, “Qədim türk dastanları” kitabı qədim Saka, Hun-Oğuz, Göytürk, Uyğur və Orta çağ türk dastanlarından ibarət nümunələrdən toplanaraq çapa hazırlanıb.  O, bu cür kitabların müxtəlif dillərə nəşr olunmasının zəruriliyini vurğulayıb.

Qeyd olunub ki, türkdilli xalqların əski dünyagörüşünü, düşüncə tərzini, eyni zamanda reallıqdan kənar fantastik təfəkkürünü əks etdirən ən qədim dastanlar bu kitabda toplanılıb.

Sonra çıxış edən "Türk dünyası ədəbi abidələri” layihəsinin rəhbəri Ayla Həsənova türk xalqlarının birliyinin möhkəmləndirilməsi, onlar arasında mənəvi körpülərin qorunması, milli kökə qayıdış və ortaq dəyərlərimizin böyüməkdə olan gənc nəsil arasında təbliğinin layihənin əsas vəzifəsi olduğunu qeyd edib.

Tədbirdə digər çıxış edənlər kitabın müxtəlif məziyyətlərindən danışıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: