www.science.az
15.03.2017 14:00

"İslam həmrəyliyi – zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

Martın 15-də Bakıda Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə "İslam həmrəyliyi – zamanın çağırışı" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

15 ölkədən 30-dək xarici qonaq, bir sıra müsəlman ölkələrinin səfirləri, din, elm və siyasət xadimlərinin iştirak etdiyi tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi, Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.

Konfransı açan QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə çıxışında qeyd edib ki, tarixən çoxmillətli və çoxkonsepsiyalı dövlət olan Azərbaycanda sabitlik mövcuddur. Etnik və dini müxtəlifliyin ölkəmizin milli sərvəti olduğunu deyən QMİ sədri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib: "İslam aləmində dünyəvi dövlətçiliyin nadir modellərindən biri kimi tanınan Azərbaycan müsəlman ölkələri arasında vəhdətin yaradılmasında, İslam həmrəyliyi proseslərində öndə getməyə qadirdir. Bu gün dünyada dini və milli zəmində ekstremizmin tüğyanı, ksenofobiya, islamofobiya və radikalizmin təzahürləri sivilizasiyalar arasında, dinlərarası və millətlərarası dialoqa vurulan ciddi zərbədir. Bu təhdidlərdən yalnız səyləri birləşdirməklə, dinlər arasında əməkdaşlıqla qurtulmaq olar".

Daha sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Prezident İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

Tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə “İslam həmrəyliyinin Azərbaycan modeli və onun elmi-praktiki inkişaf perspektivləri” mövzusunda çıxış edərək İslam dininin elmə, elm öyrənməyə yüksək münasibətindən danışıb. İslam dininin bəşəriyyətə verdiyi töhfələrdən, dünyəvi elm sahələrində əldə olunan uğurlardan söz açan A.Əlizadə qeyd edib ki, çağdaş Avropa elminin bünövrəsini məhz orta əsrlər İslam elmi təşkil edir. Akademik Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsinin çox müdrik qərar olduğunu vurğulayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, beynəlxalq miqyasda sülhə, əmin-amanlığa nail olmaq, müxtəlif yönümlü münaqişələri aradan qaldırmaq, milli, dini, irqi zəmində nifrət və qarşıdurmalara son qoymaq, bəşəriyyətin üzləşdiyi sosial, iqtisadi, ekoloji, demoqrafik və s. problemləri həll etmək üçün bu çağırışlara vaxtında cavab olduqca vacibdir.

Konfransda Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, İslam Əməkdaşlıq Təşkilatı Parlament Birliyinin baş katibi Mahmud Erol Kılıç, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev və başqaları konfransın əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, bu konfransda dinlənilən məruzələr, aparılan müzakirələr, müxtəlif ölkələrdən olan nümayəndələrin dialoqu bir daha sübut etdi ki, planetimizin həm dinlərarası, həm də beynəlxalq münasibətlərdə həmrəyliyə sözün əsl mənasında böyük ehtiyacı var. 

Daha sonra beynəlxalq konfransın dünya ictimaiyyətinə müraciəti qəbul olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.