Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

15.03.2017 17:18
  • A-
  • A
  • A+

AMEA-nın Gəncə Bölməsi üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri müzakirə edilib

AMEA-nın Gəncə Bölməsi üzrə elmi tədqiqatların vəziyyəti və gələcək  inkişaf istiqamətləri müzakirə edilib

Martın 15-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında Gəncə Bölməsinin akademik-katibi, akademik Fuad Əliyev “Gəncə Bölməsi üzrə elmi tədqiqatların vəziyyəti və gələcək inkişaf istiqamətləri” mövzusunda məruzə ilə çıxış edib.

Akademik ilk olaraq bölmənin elmi müəssisələrində həyata keçirilən tədqiqatlar haqqında məlumat verib: "Texniki elmlər bölməsində Gəncə-Qazax Bölgəsinin təbii sərvətlərinin araşdırılması və səmərəli istifadəsi, sənaye tullantılarının pasportlaşdırılması, bioresursların farmakologiya, kosmetologiya və boyaq emalı sənayesində tətbiqi, müxtəlif bitkilərdən təbii yağların alınması istiqamətində tədqiqatlar aparılıb. Humanitar və ictimai elmlər bölməsində isə bölgənin maddi-mədəni mühiti, mütəfəkkirləri, xüsusilə Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazehin həyat və yaradıcılığının, Gəncəbasar folklorunun araşdırılması kimi prioritet istiqamətlərdə elmi tədqiqatlar aparılıb, bir çox nailiyyətlər əldə edilib".

F.Əliyev hesabat ilində Rəyasət Heyətinin qərarı ilə bölmədə Yer Elmləri Bölməsi şöbəsinin, İnformasiya Texnologiyaları İnstitutunun Distant Təhsil Mərkəzinin, ayrı-ayrı universitetlərin sahə kafedralarının, Gənc Alim və Mütəxəssislər Şurasının yaradıldığını qeyd edib. Bölmənin akademik-katibi 2016-cı ildə 6 problemi əhatə edən 25 mövzuda 26 mərhələdə 30 iş üzrə tədqiqatlar aparıldığını bildirib.

Alim bölmənin nəşriyyatçılıq fəaliyyəti və kadr hazırlığı sahəsindəki məsələlərə də toxunub: "Hesabat ilində bölmənin əməkdaşları 188 elmi əsər, o cümlədən 4 kitab, 52-si xaricdə olmaqla 140 məqalə, 9-u xaricdə olmaqla 43 tezis dərc etdiriblər. İmpakt faktorlu xarici jurnallarda nəşr olunan məqalələrin sayı isə 27-dir. Bölmənin Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri ABŞ, Yaponiya, İtaliya, Çexiya, Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna və digər ölkələrdə müxtəlif dillərdə 29 elmi məqalə və 8 tezis nəşr etdiriblər. Ötən il dissertasiya işlərinin ilkin müzakirəsi keçirilmiş, bir doktorant və iki dissertantın sənədləri müdafiə şurasına təqdim olunub. Bir doktorant isə müdafiə edərək sənədlərini Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim edib. Həmçinin bölmənin bir əməkdaşı elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbul olunub".

Akademik bölmənin beynəlxalq əlaqələrinin genişləndirildiyini, ABŞ, İsveç, Polşa, Türkiyə, Rusiya və digər ölkələrin elm və ali təhsil müəssisələri ilə əməkdaşlığın davam etdirildiyini söyləyib. Bundan başqa, Gəncə tarixinin araşdırılması məqsədilə Türkiyə baş nazirinin Osmanlı arxivi və Bəyazid Dövlət Kitabxanasından siyasi, iqtisadi və hərbi mövzulara aid arxiv sənədləri, kitabların surətləri gətirilib, etnoqrafik sahədə qədim sənətkarlıq növləri öyrənilib, regionda mövcud olan məhəllələrin salınması tarixi tədqiq edilib.

Məruzə dinlənildikdən sonra müzakirə edilib, Rəyasət Heyətinin qərarı ilə hesabat qəbul olunub, perspektiv istiqamətlər  bölmə institutlarının gələcək fəaliyyəti üçün əsas kimi müəyyənləşdirilib. Elmi müəssisələrə nəzərdə tutulan prioritet istiqamətlərin həyata keçirilməsi üçün tədbirlər planının hazırlanması, elmi tədqiqat işlərinin koordinasiyasına, doktorantura və dissertantura üzrə kadr hazırlığının aparılmasına dair tapşırıqlar verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: