Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Naxçıvan əhalisinin etnogenezi tarixindən” monoqrafiyasının II cildinin təqdimat mərasimi keçirilib
16.03.2017 10:36
  • A-
  • A
  • A+

“Naxçıvan əhalisinin etnogenezi tarixindən” monoqrafiyasının II cildinin təqdimat mərasimi keçirilib

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Naxçıvan əhalisinin etnogenezi tarixindən” monoqrafiyasının II cildinin təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, müstəqilliyimizin bərpasından sonra muxtar respublikada elmin müxtəlif istiqamətlərində sanballı əsərlər nəşr olunub. Monoqrafiyanın müəllifin çoxillik elmi tədqiqatlarının nəticəsi olduğunu deyən İ.Hacıyev kitabın Naxçıvan əhalisinin etnogenezi tarixinin öyrənilməsinə mühüm töhfə verəcəyini bildirib.

Tədbirdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Naxçıvan əhalisinin etnogenezi məsələləri” mövzusunda məruzə ilə çıxış edib. Ə.Quliyev bildirib ki, monoqrafiyada Naxçıvanın qədim və müasir ərazilərində məskunlaşmış tayfaların yeri, adlarının daşıdığı mənalar,  onların mifik inancları, eyni zamanda Naxçıvan ərazisində tayfa adları ilə yaranan etnooykonimlər qədim arxiv və qaynaq məlumatları əsasında sistemləşdirilib, etimoloji təhlilləri verilib. Müəllifin antik tarixçi və coğrafiyaşünasların, habelə 220-dən artıq rus, 40-a qədər türk, 150-dən çox Azərbaycan, o cümlədən fars, alman və digər dillərdə yazılan elmi əsərlərə və tədqiqatlara müraciət etdiyini deyən Ə.Quliyev monoqrafiyanı tarixi həqiqətlərin ümumi toplusu adlandırıb.

Məruzə ətrafında Naxçıvan Müəllimlər İnstitutunun prorektoru, filologiya elmləri doktoru, professor Akif İmanlı, Bölmənin Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov çıxış edərək yeni monoqrafiyanın elmi dəyərindən söz açıblar.

Monoqrafiyanın müəllifi Firudin Rzayev isə çıxışında nəşrin III fəsildən ibarət olduğunu, I fəslin qədim Naxçıvanla bağlı miladdan öncə II-I minilliklərə aid tarixi faktların araşdırılmasına, II-III fəsillərin həmin dövrlərdə muxtar respublikada məskunlaşmış Prototürk-Azərbaycan tayfalarına həsr edildiyini söyləyib.

F.Rzayev sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: