Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

AMEA prezidenti, akademik A.Əlizadənin “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” beynəlxalq konfransının açılışında çıxışı
16.03.2017 13:07
  • A-
  • A
  • A+

AMEA prezidenti, akademik A.Əlizadənin “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” beynəlxalq konfransının açılışında çıxışı

Hörmətli konfrans iştirakçıları! Əziz qonaqlar! Xanımlar və cənablar!

Müstəqil Azərbaycanın paytaxtı və müasir dünyanın ən gözəl şəhərlərindən biri olan Bakıda keçirilən Şollar – Bakı su kəmərinin açılışının 100 illiyinə həsr olunmuş bu möhtəşəm beynəlxalq konfrans həqiqətən Azərbaycan tarixində dərin iz qoymuş çox mühüm hadisələrdən birinə həsr olunmuşdur. Şollar – Bakı su kəmərinin çəkilməsinin Bakı şəhərinin çoxəsrlik və zəngin tarixi keçmişində nə qədər önəmli hadisə olduğunu təsəvvür etmək üçün paytaxtımızın tarixinə ötəri bir nəzər salmaq belə kifayət edərdi.

Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri və uzun zaman Şirvanşahlar dövlətinin paytaxtı olan Bakı ən qədim zamanlardan başlayaraq və bütün orta əsrlər boyu bütün yaxın və uzaq ölkələri neftlə təmin edirdi. Şimali Azərbaycan torpaqları çar Rusiyasına qatıldıqdan sonra  şəhərin beynəlxalq ticarət əlaqələri daha da genişləndi. 1859-cu ildə Bakı şəhəri quberniya mərkəzinə çevrildi. Dünya iqtisadiyyatında neftə olan tələbatın sürətlə artması nəticəsində XIX əsrin ortalarından başlayaraq Bakı Xəzərdə çox mühüm nəqliyyat qovşağına və ən böyük dəniz limanına çevrildi. Dünya ölkələrində neftə olan tələbatın kəskin surətdə artması nəticəsində Bakıda, həm də, ilk neft “bumu” baş verdi. XIX əsrin 90-cı illərində Bakı neft hasilatına görə ABŞ-a çatdı və onu ötüb keçdi. XIX əsrin sonlarında və XX əsrin əvvəllərində bütün Rusiya neft hasilatının 95 faizi, dünya neft hasilatının isə 50 faizdən çoxu Bakının payına düşürdü.

XIX əsrin ortalarından başlayan sıçrayışlı inkişaf sayəsində Bakı bütün regionun əhalisini işlə təmin edən əsas neft sənayesi mərkəzinə çevrildi. Qısa zaman kəsiyində sürətlə böyüyən sənaye mərkəzinin əhalisi də eyni sürətlə artdı. Əgər 1860-cı ildə Bakının əhalisi cəmi 12.260 nəfər idisə 1897-ci ildə 112.200 nəfərə, 1915-ci ildə isə 262.500 nəfərə çatdı. Şəhər getdikcə böyüyür, əhalinin sayı isə sürətlə artırdı.

Belə bir şəraitdə neft Bakısı bir sıra ağır sosial-ictimai problemlərlə üz-üzə qaldı. Olduqca qısa bir zaman kəsiyində əhalisinin sayı 20 dəfədən də çox artmış şəhərin ən ağır problemi içməli su problemi idi. Şəhər əhalisinin içməli suya olan tələbatı orta əsrlərdən qalma quyu suları ilə ödənilirdi. Şəhərdə olan 600-ə yaxın quyunun ancaq 100-nün suyu içməli su idi. O zaman Bakıda ancaq üç içməli su kəhrizi vardı: “Şah” və ya “Xan kəhrizi”, “Məhəmmədqulu xan kəhrizi”, “Hüseynqulu xan kəhrizi”.

Bakı şəhəri əhalisinin içməli su baxımından düşdüyü bu ağır vəziyyət ilk növbədə xalqımızın qabaqcıl ictimai xadimlərini, o cümlədən böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevi, həmçinin Bakı şəhər dumasını narahat etməyə başladı.

Bakı Şəhər Dumasının üzvü Hacı Zeynalabdin Tağıyev 1879-cu ildə Bakının içməli su ilə təmin olunmasından ötrü yeni su mənbələrinin axtarılması və gələcək su kəmərinin çəkilməsi üçün layihə hazırlanması ilə bağlı təkliflə çıxış etdi. Əslində H.Z.Tağıyevin bu təklifi ilə Bakının içməli su ilə təmin olunması tarixində yeni dövr başlandı. 1881-ci ildə Abşeronun Zuğulba, 1884-cü ildə Maştağa və Buzovna kəndlərində aparılan içməli su axtarışları, neft sənayeçisi Lüdviq Nobelin Volqadan su kəməri çəkilməsi təklifi heç bir nəticə vermədi. Nəhayət Bakı Şəhər Duması 1899-cu ildə Bakıya Kür və Samurdan su kəməri çəkilməsi barədə qərar qəbul etdi. Bu məqsədlə Frankfurt – Maynda su axtarışı kampaniyasına başçılıq edən məşhur ingilis mühəndisi, eyni zamanda kanalizasiya sistemləri qurulması sahəsində yeganə mütəxəssis olan Uilyam Harleyn Lindley Azərbaycana dəvət olundu. U.Lindley zəngin bulaqları olan Quba qəzasında axtarışlara başladı.

Bu axtarışlar nəticəsində Xudat yaxınlığında, Şollar-Fərzəlioba rayonunda saysız-hesabsız və qeyri-adi dərəcədə bolsulu bulaqlar aşkar olundu. Eyni zamanda o da müəyyən olundu ki, Şollar bulaqlarının yerləşdiyi ərazi cənuba doğru meylli olduğu üçün Şollar suyu Bakıya öz axını ilə gəlib çıxa bilər. Beləliklə, görkəmli mütəxəssis Bakıya birbaşa Samur çayından deyil, Şollar bulaqlarından su çəkilməsi variantını irəli sürdü. Lakin şəhər duması bu təklifi qəbul etməyib U.Lindleyə Kür-Bakı və Samur-Bakı su kəmərlərinin layihələrini hazırlamağı tapşırdı. Beləcə, U.Lindleyin özünün də sonralar etiraf etdiyi kimi, görkəmli mütəxəssis Bakıda ona su kəməri layihələri tapşırılmış bütün başqa şəhərlərdən daha çox maneələrlə üzləşməli oldu. Lakin seçdiyi peşənin mahir bilicisi olan U.Lindley fikrindən dönmədi.

1900-cü il yanvarın 25-də Bakı Şəhər Dumasının qərarı ilə şəhər su təchizatı komissiyasının tərkibi yeniləndi. H.B.Məlikov (Zərdabi), Ə.B.Topçubaşov, Mehdiyev, Benkendorf və başqaları tərkibə daxil edildilər. Şəhər dumasında yenidən olduqca gərgin mübarizə şəraitində keçən müzakirələr başlandı. 1901-ci ilin iyununda Bakı Şəhər Dumasında U.Lindleyin Bakını Şollar suyu ilə təmin etmək barədə sınaq-qazıntı işlərinə başlamaq təklifi rədd edildikdə Azərbaycan xalqının mənafeyi keşiyində duran ziyalılar, xeyriyyəçilər hərəkətə gəldi. Azərbaycan milli burjuaziyasının lideri H.Z.Tağıyev Şollarda sınaq-qazıntı işləri aparmaq barədə U.Lindleyin təklifini qətiyyətlə müdafiə etdi və şəhər su təchizatı komissiyasının ixtiyarına 25 min rubl verməyə hazır olduğunu bildirdi. Böyük xeyriyyəçi bununla bağlı şəhər idarəsinə 1901-ci il dekabrın 5-də yazırdı: “… buranın köklü sakini kimi yaxşı sağlam suya möhtac olan doğma şəhərimin ehtiyacını ürəyimə yaxın qəbul edərək şəhər ictimai idarəsini U.H.Lindleyin təklifini qəbul etməyə sövq etmək məqsədi ilə yuxarıda qeyd olunan təklifimi etmək məcburiyyətində qaldım… Görünür ki, duma üzvlərinin əksəriyyəti axtarışların aparılması nəzərdə tutulan yer barədə heç bir təsəvvürə malik deyildir, buna görə də buradan kifayət qədər su tapılarsa belə onun səhər əhalisini daim içməli su ilə təmin edə biləcəyinə şübhə edirlər. Burada izah etmək lazımdır ki, həmin ərazi məlum Şahdağın yamacı və ya ətəyidir, həmin yer daim Şahdağ buzlaqlarından axan su ilə qidalanır. Deməli, nə qədər ki, Şahdağ özünün daimi qar papağını çıxarmayıb o vaxtadək onun buzlaqları mövcud olacaqdır və bu yerdə yeraltı su tükənməyəcəkdir».

Etiraf etmək lazımdır ki, H.Z.Tağıyevin bu qətiyyətli və müdrik mövqeyi olmasaydı Bakı Şəhər Dumasında U.Lindleyin təklifi qəbul olunmayacaq, Şollar-Bakı su kəmərinin tikintisi baş tutmayacaq və Bakı şəhəri sağlam, içməli bulaq suyu ilə təmin olunmayacaqdı.

Şollarda aparılan sınaq-qazıntı işlərinin nəticələri H.Z.Tağıyev və U.Lindleyin tamamilə haqlı olduqlarını sübut etdi. Məlum oldu ki, buradakı yeraltı içməli su ehtiyatları Bakının şirin suya olan tələbatından 10 dəfə çoxdur və tükənməzdir. Beləliklə, H.Z.Tağıyev, H.B.Zərdabi və Azərbaycanın digər ziyalılarının, ictimai xadimlərinin prinsipial mövqeləri və ciddi səyləri nəticəsində Şollardan Bakıya su kəməri çəkmək təklifi Dumada qələbə çaldı. 1903-cü ilin noyabrında Şollar-Bakı su kəmərinin çəkilməsi ilə bağlı U.Lindleylə müqavilə imzalandı. Su kəmərinin çəkilməsi ilə bağlı xarici firmaların və mütəxəssislərin fəaliyyətinə nəzarət etmək üçün H.B.Zərdabi, İ.B.Hacınski, M.A.İmanov, İ.B.Hacıyev və başqalarından ibarət komissiya yaradıldı. Şollar-Bakı su kəmərinin çəkilməsinə 1904-cü ildə başlandı.

Hörmətli konfrans iştirakçıları! Əziz qonaqlar! Şollar-Bakı su kəmərinin çəkilməsi olduqca mürəkkəb tarixi şəraitdə baş verdi və 1917-ci ilədək davam etdi. Bu dövrdə Rusiyada 1905-1907-ci illər inqilabı baş verdi, Birinci Dünya müharibəsi başlandı. Əlbəttə, mürəkkəb tarixi şərait kəmərin tikintisinə mənfi təsir göstərdi və onun uzanmasına səbəb oldu. Bütün bu məsələlər Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarına əsasən tarixçi mütəxəssislər tərəfindən geniş surətdə araşdırılmış və Şollar-Bakı su kəmərinin 100 illiyi münasibətilə A.A.Bakıxanov adına Tarix İnstitutu “Elmi əsərləri”nin xüsusi buraxılışı, həmçinin “Şollar-Bakı-100” fotoalbomu nəşr olunmuşdur. Elmi axtarışlar sübut edir ki, 1917-ci il yanvarın 21-də (köhnə stillə) başa çatmış Şollar-Bakı su kəməri öz dövrünün ən nəhəng, ən mürəkkəb, ən mükəmməl və ən müasir hidrotexniki qurğular sistemi idi. Onun uzunluğu Şollardan Nasos stansiyasınadək (indiki H.Z.Tağıyev qəsəbəsinədək) təqribən 190 km-ə bərabər idi. Bu kəmər bütün Avropada ən uzun su kəməri idi və onun çəkilişinə 33 mln. rubl sərf olunmuşdu.

Şollar-Bakı su kəməri o zaman çar Rusiyası və dünyanın ən böyük sənaye mərkəzlərindən biri olan Bakı şəhəri əhalisinin təmiz bulaq suyuna olan ehtiyaclarının təmin olunmasında mühüm rol oynadı. Şolların təmiz bulaq suyu Bakı əhalisinin sağlamlığına müsbət təsir göstərdi və bu gün də müsbət təsir göstərməkdə davam edir.

Qeyd etmək lazımdır ki, sovet hakimiyyəti illərində bütün ölkəni yanacaqla təmin edən Bakı şəhəri daha da inkişaf etməkdə idi. Şəhər durmadan genişlənir, əhali getdikcə artırdı. Buna görə də Bakının və bütün Abşeronun su təchizatı sistemi daha da təkmilləşdirildi. 1937-1958-ci illərdə Xaçmaz-Bakı su kəməri çəkildi, tikintisinə 1957-ci ildə başlanmış Ceyranbatan su təchizatı sistemi daha da genişləndirildi və təkmilləşdirildi.

Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycanda rəhbərliyə başlaması ilə Bakının və bütünlükdə respublika əhalisinin içməli su ilə təmin olunmasında yeni dövr başlandı. 1971-ci ildə Kür-Bakı su kəmərinin ilk növbəsi istismara verildi, Samur-Ceyranbatan su təchizatı şəbəkəsi daha da təkmilləşdirildi. Bununla Bakı şəhərinin və bütünlükdə Abşeron əhalisinin içməli su təminatı daha da yaxşılaşdırıldı.

Ötən əsrin 80-90-cı illərində regionumuzda baş verən ağır etnik-demoqrafik proseslər, azərbaycanlıların Ermənistandakı ata-baba torpaqlarından zorakı deportasiyası, Ermənistanın Azərbaycana hərbi müdaxiləsi nəticəsində doğma yurd-yuvasından didərgin düşən on minlərlə qaçqının Bakıda özlərinə sığınacaq tapması nəticəsində şəhərin əhalisi yenidən kəskin surətdə artdı. Bu isə içməli suya olan tələbatı da artırdı. İçməli su problemi yenidən Bakı, Sumqayıt və bütünlükdə Abşeronun başlıca probleminə çevrildi. Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev paytaxtımızın yenidən qarşılaşdığı bu çətin problemi həll etmək üçün qəti tədbirlər gördü. Ölkə başçısının təşəbbüsü ilə 2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisi başa çatdırıldı. Bakı şəhərinin əhalisi içməli su ilə ən yüksək səviyyədə təmin olundu. 2015-ci ilin oktyabrında isə Ceyranbatanda dünyada tayı-bərabəri olmayan, ən böyük ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi işə salındı. Bu kompleks Qlobal Su Sammitində ümumdünya su təchizatı sisteminə sanballı töhfə kimi qiymətləndirildi.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun təməlqoyma mərasimindəki nitqində demişdir: “Su həyat deməkdir. Təmiz su isə sağlam həyat deməkdir”.

Doğma xalqının sağlamlığını uca tutan Azərbaycan dövlətinin başçısı özünün müdrik və uzaqgörən daxili siyasətində bu müqəddəs prinsipi daim əsas götürərək demişdir: “İçməli su, təmiz hava, sağlam ərzaq məhsulları, sağlam qida – bizim prioritetlərimiz bax bunlardır”.

Şollar su kəmərinin 100 illiyini bayram etdiyimiz bu günlərdə dövlət başçımızın müəyyən etdiyi bu prioritetlər xalqımızın sağlamlığının ən əsas və ən başlıca təminatıdır.

Diqqətinizə görə təşəkkür edirəm!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: