Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

16.03.2017 12:16
  • A-
  • A
  • A+

“Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb

“Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb

Bakıda “Su nəinki həyat mənbəyidir, hətta həyatın özüdür” devizi altında I Bakı Beynəlxalq Su Həftəsinə start verilib.

Martın 15-də Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illiyi ilə əlaqədar “Azərsu” ASC və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

Konfransdan əvvəl qonaqlar Şollar-Bakı Su Qurğuları Kompleksinin 100 illik yubileyinə həsr olunmuş foto və rəsm sərgilərinə baxış keçiriblər.Əvvəlcə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini Əli Əsədov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin elmi-praktik konfransın iştirakçılarına müraciətini oxuyub.

Tədbirdə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov tarixi ənənələrə malik Azərbaycanda ilk mərkəzləşdirilmiş su təchizatı sistemlərinin XVIII əsrdə yaradıldığını bildirib. Qeyd edib ki, o dövrlər Bakı şəhərini içməli su ilə təmin etmək üçün bir neçə su kəməri çəkilib. 1911-1917-ci illərdə tanınmış mühəndis Uilyam Lindleyin layihəsi əsasında Şollar mənbəyindən Bakıya ilk magistral su kəməri çəkilib. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə dünyanın unikal qurğularından sayılan Şollar-Bakı su qurğuları kompleksi 100 il əvvəl, 1917-ci ilin bu günlərində istismara verilib. Bu qurğu Azərbaycanın su təsərrüfatı sektorunda ilk iri infrastruktur layihəsi kimi tarixə düşüb. Bu gün işinə başlayan “Su ehtiyatları, hidrotexniki qurğular və ətraf mühit” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans məhz həmin qurğuların 100 illik yubileyinə həsr olunub.

Q.Hüseynov qeyd edib ki, Azərbaycanda su təchizatı sahəsində ən böyük işlər böyük siyasi xadim, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilib. 1970-ci illərdə Bakı şəhərinin içməli suya artan tələbatı Ümummilli Liderin rəhbərliyi ilə Kür və Ceyranbatan su təchizatı sistemlərinin tikintisi sayəsində həll edilib. XX əsrin sonlarında Bakıda əhalinin artımı, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox qaçqın və məcburi köçkünün böyük bir hissəsinin paytaxta pənah gətirməsi su təchizatı məsələsinin aktuallığını artırıb.

ASC sədri bildirib ki, 10 il əvvəl - 2007-ci ilin mart ayında Prezident İlham Əliyevin iştirakı ilə Oğuz-Qəbələ-Bakı Su Kəmərinin təməli qoyulub, 262,5 kilometr uzunluğunda kəmərin tikintisi 2010-cu ildə başa çatdırılıb. Bu kəmər Azərbaycanın müstəqillik illərində həyata keçirilmiş ən böyük yerli infrastruktur layihəsi kimi tarixə düşüb. Paytaxt əhalisini keyfiyyətli içməli su ilə təmin etmək üçün məhsuldarlığı saniyədə 6,6 kubmetr və ya sutkada 570 min kubmetr olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi tikilib. Ən son texnologiya əsasında yaradılmış bu kompleks dünyanın ən böyük ultrasüzgəcli sutəmizləyici qurğusudur.

Q.Hüseynov hər kəsi siyasi, irqi, dini və sosial mülahizələrdən uzaq, bəşəriyyətin ümumi maraqlarına xidmət edən, planetimizi qorumaq naminə ətraf mühit, ekologiya, təmiz su və sanitariya sahələrində birgə səylərə səsləyən ASC sədri Bakı Bəyannaməsini imzalamağa dəvət edib.

Konfransda AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Dünya Su Şurasının sərdi Benedito Braqa, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Beynəlxalq Su Resursları Assosiasiyasının Prezidenti Patrik Lavard, Rusiya Elmlər Akademiyasının Su Problemləri İnstitutunun direktor müavini Mixail Bolqov, AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, aqrar elmlər doktoru, professor Əlövsət Quliyev və başqaları çıxış ediblər.

Tədbir bölmə iclasları ilə davam etdirilib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: