Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Fransanın Lion-2 Lümyer Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
17.03.2017 12:35
  • A-
  • A
  • A+

Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Fransanın Lion-2 Lümyer Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 2011-ci ildə imzalanmış “Elm, təhsil və arxeoloji tədqiqatlar barədə əməkdaşlıq” müqaviləsinin uzadılması məqsədilə Fransadan gələn nümayəndə heyəti ilə görüş keçirilib.

Fransanın Lion-2 Lümyer Universitetinin Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Cim Volkerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə ötən illər ərzində ölkəmizdə aparılmış arxeoloji tədqiqatların nəticələri, Lerikdə aşkar olunan maddi mədəniyyət nümunələrinin Bakı, Paris və Tbilisidə sərgisinin təşkili, o cümlədən “Elm, təhsil və arxeoloji tədqiqatlar barədə əməkdaşlıq” müqaviləsinin adının dəyişdirilərək “Xəzər dənizi hövzəsi son tunc - ilk dəmir dövrü” adlandırılması kimi məsələlər müzakirə edilib.

Müzakirələr zamanı institutun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova rəhbərlik etdiyi qurumun qarşısında duran vəzifələr və perspektivlər barədə məlumat verib.

Görüş Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Aureliya Buşenin dəvəti ilə səfirlikdə davam etdirilib. Aureliya Buşe iki ölkənin elm mərkəzləri, xüsusilə Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Fransanın Elmi Araşdırmalar Mərkəzi (CNRS) arasında əməkdaşlığın cəmiyyətimiz üçün verdiyi töhfələrdən söz açıb.

Görüşün sonunda “Elm, təhsil və arxeoloji tədqiqatlar barədə əməkdaşlıq” müqaviləsinin uzadılması barədə razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: