Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Professor İsa Alıyevin  60 yaşı tamam olur
06.10.2013 00:00
  • A-
  • A
  • A+

Professor İsa Alıyevin 60 yaşı tamam olur

Bu gün görkəmli iqtisadçı alim, Beynəlxalq Sokrat mükafatı laureatı, AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyevin 60 yaşı tamam olur.

İ.Alıyev 1953-cü il oktyabr ayının 8-də Dərələyəz mahalının Qalaser kəndində anadan olmuşdur. Orta məktəbi 1970-ci ildə bitirmiş, 1970-75-ci illərdə keçmiş D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda “Siyasi iqtisad” ixtisası üzrə əyani təhsil almışdır.

1975-ci ildə əyani aspiranturaya qəbul olmuş, 1982-ci ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunda siyasi iqtisad ixtisası üzrə namizədlik, 2005-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. “İqtisadi nəzəriyyə” ixtisası üzrə professor elmi adına layiq görülmüşdür.

Alim 40-a yaxın beynəlxalq və 100-ə yaxın respublika konfrans, simpoziumlarının iştirakçısı olmuşdur. 35 məqalə və tezis, ümumilikdə 300-dən çox elmi əsərlərin müəllifidir. Onun rəhbərliyi ilə 27 namizədlik, 4 doktorluq işləri müdafiə edilmiş, o cümlədən müstəqil respublikamızın milli iqtisadiyyatı və dayanıqlılığı məntiqini ifadə edən iqtisadi nəzəriyyə və aqrar sahənin idarəolunması ilə bağlı işlər yerinə yetirilmişdir.

İ.Alıyev 2011-ci ildə Avropa Biznes Assambleyasının (ABA) Ekspertlər Şurası tərəfindən “İlin ən yaxşı top-meneceri”, 2012-ci ildə “Elmdə ad” fəxri tituluna və müvafiq diploma, 2013-cü ildə isə ABA tərəfindən Beynəlxalq Sokrat mükafatı və digər mükafatlara layiq görülmüşdür.

Alim Beynəlxalq Avroasiya İqtisadçılar Birliyinin təsisçilərindən biri, Avropa Təbiətşünaslıq Akademiyasının həqiqi üzvü, Türkdilli Ölkələrin İqtisadçılar Birliyinin prezidentidir.

Hazırda AMEA İqtisadiyyat İnstitutunda nəşr olunan “AMEA İqtisadiyyat İnstitutunun Elmi Əsərləri” jurnalının və “Modernləşmə xətti” bülleten jurnalının baş redaktoru, həmçinin respublikada nəşr olunan “İqtisadiyyat və həyat”, “Kooperasiya” və digər çoxsaylı jurnalların redaksiya heyətinin üzvüdür.

Azərbaycanın görkəmli iqtisadçı alimini 60 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, ona Ulu Tanrıdan uzun ömür, möhkəm can sağlığı, Azərbaycan elminin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: