Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

30.03.2017 14:29
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin növbəti iclası keçirildi

Yer Elmləri Bölməsinin növbəti iclası keçirildi

Bu gün AMEA-nın Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin növbəti iclası keçirildi.

Tədbirdə bölmə üzvləri, Geologiya və Geofizika, Coğrafiya institutlarının və Respublika Seysmoloji Xidmət Mərkəzinin əməkdaşları iştirak edirdilər.

İclası giriş sözü ilə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Tədbirin Böyük Bakı ərazisinin mövcud ekogeomorfoloji vəziyyətinin CİS-mühitində tədqiqi, AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alınmış namizədlərin elmi fəaliyyətinin müzakirəsi və digər cari məsələlərə həsr olunduğunu bildirdi.

Sonra AMEA Coğrafiya İnstitutunun aparıcı elmi işçisi, c.ü.f.d. Seymur Məmmədov həmin institutun direktoru, akademik Ramiz Məmmədov ilə həmmüəllif olduqları “Məsafədən zondlama materialları əsasında Böyük Bakı ərazisinin mövcud ekogeomorfoloji vəziyyətinin CİS-mühitində tədqiqi” adlı məruzəsini təqdim etdi. O, Böyük Bakı ərazisində baş verən geomorfoloji proseslərin təhlilinin aparıldığını, kosmik radar məlumatları əsasında tədqiqat ərazisinin relyefinin rəqəmsal modelinin hazırlandığını diqqətə çatdırdı.

S.Məmmədov Böyük Bakı ərazisində sürüşmə, yarğan-qobu şəbəkəsi, abraziya və eol prosesləri kimi ekzogen geomorfoloji proseslərin ətraflı öyrənildiyini söylədi. Bildirdi ki, nəticədə Xətai rayonunun Əhmədli qəsəbəsi, Masazır qəsəbəsi, Yeni Günəşli yaşayış massivi, Ukrayna yamacı, Kərpic zavod ərazisi, Zığ, Gəncə prospekti, Bayıl yamacı və Badamdar qəsəbəsinin sürüşmə təhlükəli ərazilər olduğu məlum olmuşdur.

O, həmçinin Böyük Bakı ərazisi üçün kəmiyyət və keyfiyyət göstəriciləri əsasında sürüşmə təhlükəliyinin rəqəmsal proqnoz xəritəsi və ona uyğun legendanın tərtib edildiyini qeyd etdi. Əldə olunan nəticələrin Böyük Bakının yeni ərazilərində şəhərsalma işlərində istifadə üçün çox qiymətli olduğunu xüsusi vurğuladı.

Məruzə ətrafında müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.

Daha Sonra Yer Elmləri Bölməsi üzrə AMEA-nın həqiqi və müxbir üzvlüyünə qeydə alınmış namizədlərin elmi fəaliyyətlərinin müzakirəsi aparıldı. Akademik Fəxrəddin Qədirov çıxış edərək bildirdi ki, Yer Elmləri Bölməsindən neft-qaz geologiyası ixtisası üzrə həqiqi və müxbir üzvlüyə 2 yer nəzərdə tutulmuşdur. O, AMEA-nın müxbir üzvü Əkpər Feyzullayevin həqiqi üzvlüyə, Geologiya ve Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, geologiya-mineralogiya elmləri doktoru Dadaş Hüseynovun isə müxbir üzvlüyə iddiaçı olduğunu diqqətə çatdırdı, onlara uğurlar arzuladı.

Sonra hər iki namizəd öz fəaliyyəti, əldə etdiyi nailiyyətlər və Azərbaycan elminə verdiyi mühüm töhfələrə dair ətraflı məlumat verdilər.

Gündəlikdə yer alan növbəti məsələ AMEA-nın adlı mükafatlarına namizədlərin seçilməsi ilə bağlı oldu. Bölmə tərəfindən Bakı Dövlət Universitetinin Faydalı qazıntılar kafedrasının müdiri, Yer ehtiyatlarının aerokosmik tədqiqatları ETL-in elmi rəhbəri, Əməkdar elm xadimi, akademik Vasif Babazadənin "Akademik Musa Əliyev" adına mükafata təqdim edilməsi haqqında Rəyasət Heyəti qarşısında vəsatət qaldırılması qərara alındı.

Tədbirin sonunda Neft və Qaz İnstitutunda Təhsil və İctimaiyyətlə əlaqələr şöbələrinin yaradılması və digər cari məsələlər ətrafında fikir mübadiləsi aparıldı, müvafiq qərarlar qəbul edildi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: