Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

"Xəbərlər" jurnalının bu ilə olan ilk nömrəsi işıq üzü görüb
04.04.2017 14:32
  • A-
  • A
  • A+

"Xəbərlər" jurnalının bu ilə olan ilk nömrəsi işıq üzü görüb

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin baş redaktorluğu ilə “Xəbərlər” jurnalının 2017-ci il üçün birinci nömrəsi işıq üzü görüb.

Bölmənin “Tusi” nəşriyyatında çapdan çıxan jurnalın yeni sayı İctimai və humanitar elmlər seriyasıdır. Nəşrin ilk bölməsində Azərbaycan ilə yanaşı, ABŞ-ın Pensilvaniya və Corciya universitetlərinin nüfuzlu elmi müəssisələrini təmsil edən alimlərin, tarix üzrə mütəxəssislərin Naxçıvan ərazisində mövcud olan qədim qalalar, onların formalaşma tarixi, tədqiqi ilə apardıqları araşdırmalar və qala tipli yaşayış yerlərində əldə etdikləri zəngin arxeoloji materiallar işıqlandırılıb.

“Orta tunc dövrünün qala tipli yaşayış yerləri”, “Naxçıvanın qədim müdafiə tikililəri qalatikmə mədəniyyətinin əsası kimi”, “Qızqala kurqanlarının tapıntıları”, “Oğlanqalada orta dəmir dövründə keramika istehsalı”, "Alman səyyahları Naxçıvan qalaları haqqında”, “Naxçıvan və İrəvan qalalarının çar Rusiyasına qarşı müqavimət hərəkatı” və bu kimi oxunaqlı elmi məqalələrdə Naxçıvanın Qazançıqala, Göynükqala, Qızqala, Çalxanqala, Oğlanqala, Əlincəqala, Fərhadqala, Narınqala, Abbasabad və digər qalalar haqqında məlumatlar yer alıb.

Jurnalın bu ilə olan ilk sayında ötən illərdə beynəlxalq Azərbaycan-ABŞ arxeoloji ekspedisiyalarının tərkibində iştirak edən ABŞ-ın Con Hopcins Universitetinin əməkdaşı Jennıfer Sverıdanın, Ohio Dövlət Universitetinin əməkdaşı Selın Nugentin, Corciya Universitetinin əməkdaşı Robert Bryantın, həmin ölkənin Pensilvaniya Universitetinin əməkdaşı Susannah Fıshmanın Naxçıvandakı bir neçə qalalarda apardıqları tədqiqatlarla bağlı elmi məqalələrinin ingilis dilində nəşrinə də geniş yer verilib.

Naxçıvanın tarixi, arxeologiyası, mədəniyyəti, incəsənəti, iqtisadi və sosial inkişafı ilə əlaqədar alim və ziyalılarımızın müxtəlif səpkili orijinal elmi məqalələri jurnalın Tarix, Arxeologiya və Etnoqrafiya, Azərbaycan dili, Ədəbiyyat və Folklor, İncəsənət, İqtisadiyyat bölmələrində dərc olunub.

Müəlliflərin istifadə etdikləri mövzu ilə bağlı elmi mənbələrə istinadları, ədəbiyyat siyahısı, məqalələrin iki dildə (rus və ingilis) xülasələri də jurnalda göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: