Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin yeni cildləri işıq üzü görəcək
20.02.2014 00:00
  • A-
  • A
  • A+

“Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin yeni cildləri işıq üzü görəcək

AMEA Hüseyn Cavidin Ev Muzeyi şair-dramaturq Hüseyn Cavidlə yanaşı, həm də Cavidlər ailəsi üzvlərinin irsinin qorunması, tədqiqi, təbliği və nəşri sahəsində mühüm tədbirlər həyata keçirir. H.Cavidin oğlu Ərtoğrol Cavid gənc yaşlarında dünyasını dəyişsə də, kifayət qədər böyük işlər görə bilmiş, Azərbaycan milli musiqisinin və folklorunun toplanması, sistemləşdirilməsi və tədqiqi sahəsində addımlar atmışdır.

1938-1941-ci illərdə professor Üzeyir bəy Hacıbəylinin və xalq artisti, professor Bülbülün rəhbərliyi altında Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki Musiqi Elmi-Tədqiqat Kabinetində çalışdığı müddətdə Ərtoğrol Cavidin toplayıb təhlil etdiyi əlyazmalar əsasında Hüseyn Cavidin Ev Muzeyi 10 cilddən ibarət “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyini 2011-ci ildə nəşr etdirmişdir. Lakin həmin materiallara milli musiqi alətimiz balabana verilən yüksək qiymətin nəticəsi olan “Balaman məktəbi” (dərslik), “Ərtoğrol Cavidin nota köçürdüyü el mahnıları”, “Ərtoğrol Cavidin çap olunmamış musiqi əsərləri” daxil olmamışdır.

Həmin əsərlərin çapa hazırlanmasının nəticəsi olaraq bu əsərlər 2014-cü ildə Ərtoğrol Cavidin 95 illik yubileyi ərəfəsində “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” çoxcildliyinin davamı kimi XI, XII, XIII cildlərin çapı ilə reallaşacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: