Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.04.2017 14:11
  • A-
  • A
  • A+

AMEA-da ədəbiyyatşünas alim və şair Atif Zeynallının xatirəsi anılıb

AMEA-da ədəbiyyatşünas alim və şair Atif Zeynallının xatirəsi anılıb

Bu gün AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas alim və şair Atif Zeynallının 90 illik yubileyinə həsr olunan elmi sessiya keçirildi.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli ədəbiyyatşünas alim Atif Zeynallının həyat və elmi fəaliyyəti barədə geniş məlumat verdi, onun elm və ədəbiyyat aləmindəki mövqeyini şərh etdi. Bildirdi ki, bu gün xatirəsinin işığına toplaşdığımız alim-şair Atif Zeynallı uzun illər Ədəbiyyat İnstitutunda çalışmış, XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin rəhbəri olmuşdur.

Atif Zeynallının ədəbiyyata 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuş "Azərbaycan" adlı şeiri ilə gəldiyini söyləyən AMEA-nın vitse-prezidenti onun ömrünün sonuna qədər on dörddən artıq şeir kitabının dərc edildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, alimin yazdığı üç iri monoqrafik əsər XX əsr ədəbiyyatının böyük simaları olan Cəfər Cabbarlıya, Süleyman Rüstəmə və Səməd Vurğuna həsr edilmişdir. Onun görkəmli ədiblərin həyat və yaradıcılığına həsr olunmuş namizədlik və doktorluq dissertasiyaları xüsusi əhəmiyyət kəsb edir.

Elmi sessiyada institutun XX əsr Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi isçisi,  fil.ü.f.d. Safurə Quliyeva “Atif Zeynallının poeziyası”, Ədəbi tənqid şöbəsinin müdiri, fil.ü.e.d. Vaqif Yusifli “Atif Zeynallının ədəbiyyatşünaslıq fəaliyyəti” mövzusunda məruzələrlə çıxış etdilər.

Daha sonra Ədəbiyyat İnstitutunun əməkdaşları və sessiya iştirakçıları Atif Zeynallının elmi və ədəbi yaradıcılığının müxtəlif problemlərindən söz açdılar.

Sonda AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov şairin ailəsi adından çıxış edərək tədbirin təşkilinə görə Ədəbiyyat İnstitutunun rəhbərliyinə minnətdarlığını bildirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: