Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alim Vahid Dünya Mükafatı müsabiqəsinin laureatı seçilib
11.04.2017 10:20
  • A-
  • A
  • A+

Azərbaycanlı alim Vahid Dünya Mükafatı müsabiqəsinin laureatı seçilib

AMEA Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin direktoru, kənd təsərrüfatı elmləri doktoru, professor Amin Babayev beynəlxalq Vahid Dünya Mükafatı (One World Award) müsabiqəsinin laureatı seçilib.

Alim son 20 ildə Azərbaycanda ekoloji kənd təsərrüfatı hərəkatının inkişafına, bu sahənin ölkəmizdə təşviqi və tətbiqinin elmi əsaslarının işlənilməsinə, hüquqi bazasının və informasiya-məlumat bankının yaradılmasına, həmçinin yüksəkixtisaslı kadrların hazırlığına verdiyi töhfələrə görə dünya üzrə seçilmiş beş laureat arasında yer alıb.

Müsabiqə Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası (IFOAM) və Almaniyanın RAPUNZEL şirkətinin birgə təşkilatçılığı ilə keçirilib. 

Professor A.Babayevin Azərbaycandakı fəaliyyəti ilə tanış olmaq məqsədilə IFOAM təşkilatı və RAPUNZEL şirkətinin nümayəndələri ölkəmizdə səfərdədirlər. Aprelin 13-dək davam edəcək səfər çərçivəsində Bakı, Gəncə və Qaxda bir sıra görüşlər keçiriləcək, qonaqlar alimin elmi və pedoqoji fəaliyyəti ilə tanış olacaqlar.

2004-cü ildən etibarən iki ildən bir keçirilən müsabiqənin qalibləri dünya üzrə ekologiya, iqtisadiyyat və sosial sahələrdə ən mühüm nailiyyətlərin xüsusi meyarlar əsasında qiymətləndirilməsi yolu ilə müəyyənləşdirilir. Cari müsabiqənin mükafatlandırma mərasimi bu ilin sentyabrında Almaniyada baş tutacaq.

Qeyd edək ki, professor Amin Babayev bundan əvvəl BMT-nin Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyasının M.V.Lomonosov adına ordeninə və Əməkdar elm xadimi adına layiq görülüb. Alim IFOAM, Avropa Bitkiçilik üzrə Tədqiqatlar Assosiasiyası (EUCARPIA), Amerika Torpaqşünaslar Cəmiyyəti (SSSА) və Amerika Aqronomlar Cəmiyyəti (ASA) təşkilatlarının üzvüdür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: