www.science.az
19.04.2017 11:57

“Milli irs mükafatı” təqdim edilib

Aprelin 18-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Rəsmi Qəbullar Sarayında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Azərbaycan irsinin tədqiqində xidmətlərinə görə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Səfər Aşurov, mədəni irs abidələrimizin mühafizəsi, bərpası və istifadəsində xidmətlərinə görə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, memarlıq üzrə fəlsəfə doktoru Rahibə Əliyeva “Milli irs mükafatı”na layiq görülüblər.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mükafatı alimlərə təqdim edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, 2013-cü ildə təsis edilmiş “Milli irs mükafatı” ölkəmizin mədəni irsinin təbliği, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə bu sahə üzrə fərqlənmiş şəxslərə və təşkilatlara verilir.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.