www.science.az
20.04.2017 09:48

Geologiya və Geofizika İnstitutu tərəfindən Naxçıvanda uğurlu tədqiqatlar aparılıb

Naxçıvan ərazisi Yura və Paleosen dövrləri ərzində mərhələ-mərhələ saat əqrəbinin istiqamətində 30-40 dərəcə, eosen dövründə isə əks istiqamətdə 20-25 dərəcə dönüb. Bu, AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşları tərəfindən aparılmış tədqiqatların nəticəsində məlum olub.

Bu elm müəssisəsinin Geomaqnetizm şöbəsinin müdiri, professor Mənijə İsayevanın rəhbərliyi ilə qeyd olunan ərazilərdə 2015-ci ildən indiyədək yura, paleosen və eosen yaşlı çöküntülərdə paleomaqnit tədqiqatları aparılıb.

Digər tədqiqatların nəticələrinin analizi göstərir ki, Böyük Qafqazın cənub-şərq hissəsində yer qatının qərbdən şərqə doğru horizontal hərəkətləri şimala doğru daha sürətlə artır. Hərəkətlərin dönmələri isə azalır. Bu proseslər Böyük Qafqaza məxsus olan gərginliyin maksimal qiyməti və geodinamik aktivliyi ilə əlaqəlidir.

M.İsayeva bildirib ki, alınmış paleomaqnit nəticələr tədqiqat obyekti olan regionlarda Yerin maqnit sahəsinin xarakteri haqqında məlumatlar verir. Bu məlumatlar Naxçıvan ərazisinin və Böyük Qafqazın cənub-şərq hissəsinin Yura, Paleosen və Eosen dövrlərini əhatə edən ümumi paleomaqnit şkalasının qurulmasına imkan yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.