Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

20.04.2017 12:36
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Ənvər Şıxlinskinin kitab kolleksiyasının təqdimatı keçirilib

AMEA-nın müxbir üzvü Ənvər Şıxlinskinin kitab kolleksiyasının təqdimatı keçirilib

Aprelin 20-də Mərkəzi Elmi Kitabxanada (MEK) Azərbaycan Dövlət Mükafatı laureatı, AMEA-nın müxbir üzvü Ənvər Şıxlinskinin kitab kolleksiyasının təqdimatı keçirilib.

Mərasimi MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mübariz Göyüşlü açaraq təmsil etdiyi qurumda bu cür tədbirlərin ənənə halını aldığını bildirib. O, bugünkü təqdimatın Azərbaycanın görkəmli iqlimşünas alimi Ənvər Şıxlinskiyə həsr olunduğunu deyib.

Sonra MEK-in Kataloqlaşdırma və sistemləşdirmə bölməsinin əməkdaşı Aygün Mehdiyeva alimin elmi fəaliyyəti barədə məlumat verib. O, Ə.Şıxlinskinin dağlıq ölkələrin iqlimi, fiziki coğrafiyası və landşaftının geofizikasına dair mühüm elmi tədqiqatlar apardığını söyləyib. Azərbaycandakı mövcud 9 iqlim tipinin müəyyənləşdirilməsinin Ə.Şıxlinskinin tədqiqatları nəticəsində mümkün olduğunu deyən A.Mehdiyeva onun Azərbaycanın Elm xadimi fəxri adını alan ilk alim olduğunu diqqətə çatdırıb.

Alimin kolleksiyası barədə də ətraflı məlumat verən A.Mehdiyeva qeyd edib ki, Coğrafiya İnstitutu tərəfindən MEK-ə 755 adda kitab daxil olub və onların arasında 2 kitabın müəllifi, həmçinin birinin redaktoru Ə.Şıxlinskidir. O, kolleksiyanın həm elektron, həm də ənənəvi kataloqa daxil edildiyini və "Yer elmləri üzrə yardımcı fond"da oxucuların ixtiyarına verildiyini bildirib.

Tədbirdə Ə.Şıxlinskinin qohumları - kinorejissor, Əməkdar incənət xadimi Ziya Şıxlinski, Azərbaycan Jurnalistlər Birliyinin sədri, Əməkdar jurnalist Elçin Şıxlı, Genetik Ehtiyatlar İnstitutunun İmmunogenetika şöbəsinin müdiri Hacı Şıxlinski, alimin nəvəsi, rəssam Səbinə Şıxlinski, tələbəsi, Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov və başqaları çıxış edərək görkəmli iqlimşünas coğrafiyaçı alimlə bağlı xatirələrini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: