www.science.az
21.04.2017 15:47

Astrofiziklər həyat üçün əlverişli şəraitə malik ekzoplanet aşkar ediblər

Astrofiziklər həyat üçün yararlı ola biləcək LHS 1140b adı verilən ekzoplanet aşkar ediblər

m24.ru saytı xəbər verir ki, alimlər tərəfindən aşkarlanan ekzoplanet superyer sinfinə aid edilir. O, digər ulduzlarla müqayisədə az miqdarda radiasiya buraxan LHS 1140 adlı qırmızı cırtdan ulduzun ətrafında fırlanır. LHS 1140b kifayət qədər böyük ölçüyə (planet Yer kürəsindən 1,4 dəfə böyükdür) malik olduğundan buraxılan şüa ona dağıdıcı təsir göstərmir.

Astrofiziklərin fikrincə, bir milyon il müddətində ekzoplanetin səthində qaz qabığını su buxarıyla təmin edən maqma okeanı mövcüd olmuşdur. Məhz bu fakt planetin həyat üçün yararlı ola biləcəyini güman etməyə əsas verir.

Alimlərin hesablamalarına görə, LHS 1140b ekzoplaneti təxminən beş milyard il yaşa malikdir. Onun kütləsi Yerin kütləsindən yeddi dəfə çoxdur. Astrofiziklər güman edirlər ki, astronomik obyekt dağ süxurları və dəmir nüvəsindən ibarətdir. Orada bir il təxminən 25 gün davam edir.