Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

27.04.2017 13:38
  • A-
  • A
  • A+

“İS(S)İ - 2015: İqtisadiyyatın liberallıq potensialı” adlı monoqrafiyanın təqdimat mərasimi keçirilib

“İS(S)İ - 2015: İqtisadiyyatın liberallıq potensialı” adlı monoqrafiyanın təqdimat mərasimi keçirilib

Aprelin 27-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında İqtisadiyyat İnstitutu tərəfindən hazırlanmış “İS(S)İ - 2015: İqtisa­diyyatın liberallıq potensialı” adlı monoqrafiyanın təqdimat mərasimi keçirilib.

Mərasimdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Kooperasiya Universitetinin tədris işləri üzrə prorektoru Fikrət Quliyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) elmi katibi Elnur Sadıqov və İqtisadiyyat İnstitutunun əməkdaşları iştirak ediblər.

Tədbirdə institutun elmi katibi, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva çıxış edərək təmsil etdiyi qurumun bir çox dövlət əhəmiyyətli sənədlərin, o cümlədən milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin hazırlanmasında iştirak etdiyini bildirib. R.Abdullayeva təqdimatı keçirilən kitabın aparıcı ideyasının iqtisadiyyatın özünütənzimləmə mexanizmləri ilə dövlət tənzimləməsi arasındakı effektiv müvazinətin tapılması olduğunu söyləyib. Kitabın ideyasının həm fundamental, həm də tətbi­qi araşdırmalar üçün önəminə toxunan alim qeyd edib ki, iqtisadiyyatın liberal­lıq potensialının düzgün müəyyənləşdirilməsi ictimai rifahı yüksəltməyin təməl şərtidir.

Sonra institutun elmi işlər üzrə direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru, dosent Allahyar Muradov çıxış edərək dövlətin iqtisadiyyata müdaxilələrinin ölçülməsi və dəyərləndirilməsi meto­dologiyasının ideya müəllifinin İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov olduğunu bildirib. O, nəşrə “İqtisadiyyatın solluğu (sağlığı) indeksi: 62 ölkədə dövlətin iqtisadiyyatı tənzimlə­məsi səviyyəsinin qiymətləndirilməsi” üzrə institutun ötən il apardığı tədqiqatın hesabatının daxil edildiyini deyib. Alim aparılan araşdırmaların iqtisadi nəzəriyyədə ilk dəfə müxtəlif ölkələrin iqtisadiyyatlarını təsnifləşdirməyə və onların liberal, yaxud dirijist olduğunu müəyyənləşdirməyə imkan verdiyini bildirib: "Alınmış nəticələr hazırda dünya iqtisad nə­zəriyyəsində hakim olan baxışlardan fərqlidir və daha dəqiqdir".

Tədbirdə İqtisadiyyat İnstitutunun İqtisadiyyatın dövlət tənzimlənməsinin metodoloji və ekonometrik problemləri şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Mayis Gülalıyev, Xidmət sahələrinin inkişafı problemləri şöbəsinin müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Aqil Əsədov, İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı, ADİU-nun elmi katibi Elnur Sadıqov və digərləri çıxış edərək kitabın Azərbaycan iqtisad elminin dünya iqtisad elminə verdiyi dəyərli töhfə olduğunu bildiriblər. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: