Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.04.2017 13:18
  • A-
  • A
  • A+

Professor Nərgiz Paşayevaya “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim edilib

Professor Nərgiz Paşayevaya “Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı” təqdim edilib

AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na layiq görülüb. Mükafat alimə AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncaqda təqdim olunub.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzinin Azərbaycan tərəfdən rəhbəri olan professor Nərgiz xanım Paşayevaya bu mükafat müstəqillik illərində elm, təhsil sahəsində həyata keçirilən mühüm beynəlxalq layihə – Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin, Nizami Gəncəvi Fondunun yaradılması və səmərəli fəaliyyətinin təmin edilməsi, Azərbaycan ədəbiyyatının dünya miqyasında tədqiq olunması sahəsindəki müstəsna xidmətlərinə görə verilib.

Tədbirdə professor Nərgiz Paşayeva çıxış edərək onun fəaliyyətinə verilən yüksək dəyərə görə akademik Akif Əlizadəyə, AMEA Rəyasət Heyəti üzvlərinə minnətdarlığını bildirib.   

O, Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin yaradılması haqqında məlumat verərək bu layihənin Azərbaycanda elm və təhsil sahəsinin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. Qeyd edib ki, Nizami Gəncəvi Mərkəzi Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsidir. 2013-cü ildən fəaliyyət göstərən Elmi Mərkəz şərqşünaslıq və digər sahələrdə elm və təhsillə bağlı bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir. Elmi Mərkəzin İngiltərə tərəfindən rəhbəri professor Robert Hoylanddır.

Hazırda Mərkəz Oksford Universiteti tərəfindən tərtib və təsdiq edilmiş 5 illik elmi-tədris proqram üzrə kitabların yüksək akademik səviyyədə tərcüməsi, Bərdə şəhərində arxeoloji tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi, əlyazmaların öyrənilməsi, magistr və doktorant hazırlığı istiqamətlərində fəaliyyət göstərir. Eyni zamanda, mədəni-akademik layihələr də həyata keçirərək dünya elmi-intelektual birliyi ilə əlaqələr yaradır.

N.Paşayeva, həmçinin rəhbərlik etdiyi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı haqqında məlumat verib. Bildirib ki, bu ali təhsil müəssisəsi ölkə daxilində dünyanın ən nüfuzlu universitetlərindən birində təhsil almağa, o cümlədən Rusiyanın tanınmış alimləri ilə Azərbaycan alimləri arasında əməkdaşlığın inkişafına geniş imkanlar yaradır. Dərslər innovativ texnologiyalardan istifadə edilməklə Moskva Dövlət Universitetinin tədris proqramları əsasında aparılır. Filial dünyanın müxtəlif ölkələrinin nüfuzlu universitetləri və elmi müəssisələri ilə əməkdaşlıq edir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: