Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.04.2017 12:50
  • A-
  • A
  • A+

İngilis aliminə "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" təqdim edilib

İngilis aliminə "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"  təqdim edilib

"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Elmi Mərkəzinin İngiltərə tərəfindən rəhbəri, professor Robert Hoyland layiq görülüb. Mükafat alimə AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncaqda təqdim olunub.

Professor R.Hoyland mükafata Azərbaycanın mədəni və tarixi irsinin beynəlxalq miqyasda elmi əsaslarla öyrənilməsinə və təbliğinə verdiyi böyük dəstəyə görə layiq görülüb. Alim 2012-ci ildən bu istiqamətdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva ilə elmi əməkdaşlıq edir. O, 2013-cü ildə Oksford Universitetində yaradılan Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin İngiltərə tərəfindən rəhbəri təyin olunub. Bundan başqa, professor R.Hoyland İngiltərədə professor Nərgiz Paşayevanın rəhbərliyi ilə fəaliyyət göstərən Azərbaycanı və Qafqazı Öyrənən Britaniya Fondunun həmtəsisçisidir. Alim Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuş və Cənubi Qafqaz bölgəsində ilk müsəlman istehkamı hesab edilən qədim Bərdə şəhərində 2014-cü ildən arxeoloji qazıntı işlərinə rəhbərlik edir.

Professor R.Hoyland Şərqin tarixi və mədəniyyəti ilə bağlı "İslam başqalarının gözü ilə" (1997), "Ərəbistan və ərəblər" (2001), "Edessalı Teofilin salnaməsi" (2011), "Allahın izi ilə: ərəb istilaları və ilk İslam imperiyası" (2014) kimi fundamental elmi tədqiqatların müəllifidir. Alimin əsərləri bü gün də dünyanın aparıcı universitetlərinin şərqsünaslıq bölmələrində İslam tarixi və mədəniyyəti üzrə mühüm əyani tədris vəsaitləri kimi istifadə edilir. Professor R.Hoyland Böyük Britaniyanın Sent Endrüz və ABŞ-ın Nyu York universitetlərində də elmi tədqiqatlarını davam etdirir.

Tədbirdə professor R.Hoyland Azərbaycana səfərindən və bu medala layiq görülməsindən məmnunluğunu bildirib, yüksək mükafata görə təşəkkürünü ifadə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: