www.science.az
15.05.2017 16:36

Milli Azərbaycan Tarixi Muzeyində “Reinkarnasiya – tarixi eksponatlar” sərgisinin açılışı olub

Mayın 15-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Reinkarnasiya – tarixi eksponatlar” sərgisinin açılışı olub.

Muzeydə hazırlanmış “Reinkarnasiya – tarixi eksponatlar” sərgisi ilk mərhələsi Azərbaycan Milli İncəsənət Muzeyində reallaşdırılmış “Reinkarnasiya” layihəsinin davamıdır. Bu layihənin məqsədi Azərbaycanın müasir rəssamlarının mədəniyyətimizi və tariximizi necə görmələrini nümayiş etdirməkdir.

Açılış mərasimində muzeyin direktoru, akademik Nailə Vəlixanlı sərgi ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, muzeyin qızıl fonduna daxil olan və stasionar ekspozisiyada nümayiş etdirilən tarixi eksponatlara gənc rəssam və heykəltəraşlar avanqard üslublu əsərlər vasitəsilə yenidən həyat veriblər. Məhz buna görə sərgi “Reinkarnasiya – tarixi eksponatlar” adlanır.

Sərgidə müxtəlif təsviri sənət və heykəltəraşlıq əsərləri yaratmış ayrı-ayrı rəssam və heykəltəraşların əl işləri təqdim edilir. Burada nümayiş etdirilən iyirmi tarixi eksponatı əsas götürərək rəssam və heykəltəraşlar iyirmi yeddi sənət əsəri yaradıblar.

Tarixi eksponatların müasir baxış kontekstində təqdim olunması onların xüsusiyyətlərini, tarixdə tutduğu yeri, bədii tərtibat səviyyəsini qabarıq göstərməyə imkan verir.

Sərgi iyunun 2-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.