Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

26.02.2014 00:00
  • A-
  • A
  • A+

“XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı” mövzusunda tədbir keçirildi

“XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı” mövzusunda tədbir keçirildi
“XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı” mövzusunda tədbir keçirildi

Bu gün AMEA Mərkəzi Elmi Kitabxanasında ( MEK) Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş “XX əsrin ən böyük faciəsi - Xocalı soyqırımı” mövzusunda tədbir keçirildi.

Tədbirdə Azərbaycanda Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri MEK-in direktoru, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli giriş sözü ilə açaraq Azərbaycan xalqının başına gələn tarixi faciələrdən, erməni millətçiləri tərəfindən törədilən Xocalı soyqırımından, baş vermiş bu faciənin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun, xüsusilə fondun vitse-prezidenti Leyla Əliyevanın əvəzolunmaz xidmətlərindən söhbət açdı. Həmçinin L.Əliyevanın təşəbbüsü ilə təsis edilən “Xocalıya ədalət” kampaniyasının uğurla aparılması sayəsində artıq bir sıra ölkələrdə Xocalı faciəsinin soyqırım aktı kimi tanınmasından bəhs etdi.

Sonra kitabxananın direktor müavini Firəngiz Hüseynova Xocalıya qarşı törədilən cinayətin insanlığa zidd olduğunu və tezliklə bu qanın yerdə qalmayacağını əminliklə vurğuladı.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev və tarixçi-alım Vaqif Abdulov faciənin acı fəğanlarından, Azərbaycanda baş vermiş tarixi məqamlardan, erməni vəhşiliyinin iç üzünü açan faktlardan danışdılar.

Sonda kitabxananın əməkdaşı Aytən Rəhimli sərgi haqqında və oradakı ədəbiyyatlar barəsində tədbir iştirakçılarına ətraflı məlumat verdi: “Sərgidə Azərbaycan, rus, Avropa və Şərq xalqlarının dillərində 150-dək ədəbiyyat nümayiş olunur. Sərgilənən ədəbiyyatlar sırasında Ziyəddin Sultanovun “Qarabağ müharibəsi: faktlar...hadisələr...düşüncələr” kitabında 1988-ci ildən - hadisələrin əvvəlindən indiyədək baş verən əsas məqamlar konkret faktlarla öz dərin publisistik həllini tapmışdır.

Səriyyə Müslümqızının “Qar üstünə qan yağırdı” və “Ölümündən o yandakı Xocalı” kitabları Azərbaycan xalqının tarixinə qanlı hərflərlə yazılmış Xocalı soyqırımına həsr edilmişdir. Müəllif erməni cəlladlarının törətdikləri cinayətlərin canlı şahidi olmuş və gördüklərini qələmə almışdır.

Fəridə Hicranın “Qarabağda talan var” kitabı Azərbaycanda 1987-ci ildən bu günədək erməni millətçilərinin istər açıq, istərsə də gizli apardıqları milli soyqırımı siyasətindən bəhs edir. “Soyqırımı cinayəti (beynəlxalq aktlar, normativ sənədlər, müraciətlər və şərhlər)” toplusunda Xocalı soyqırımına dair beynəlxalq sənədlər, ölkədaxili normativ aktlar, beynəlxalq ictimaiyyətə müraciətlər və digər sənədlər toplanmışdır.

Tatyana Çaladzenin on hissədən ibarət “Karabaxski qenosid: Obreçyonnıy Xodjalı” kitabı həlak olmuş və sağ qalan xocalılara, onların gələcək nəsillərinə həsr olunmuşdur. Sankt-Peterburqda yaşayan tanınmış rus yazıçısı Yuri Pompeyev “Qarabağ qan içində” sənədli oçerkində Qarabağ uğrunda müharibənin başlanmasını və genişlənməsini, minlərlə insan həyatını aparmış bu hadisələrin törədilməsində qanlı qırğınların əsas ideya banilərinin- erməni şovinist dairələrinin rolunu tədqiq edir. Tanınmış yazıçı-publisist Elmira Axundovanın tərtibatı ilə nəşr olunan “Xodjalı. Xronika qenosida” kitabında Azərbaycan xalqının tarixində XX əsrin ən böyük faciələrindən biri olan Xocalı soyqırımından bəhs edən sənədli faktlar açıqlanır. Son dərəcə qiymətli, tədqiqat səviyyəli, başı tarixən min bir bəlalar çəkmiş Azərbaycanın ayrı-ayrı illərdə üzləşdiyi fəlakət və faciələrin təqvim tarixləri Nazim Tapdıqoğlunun “Azərbaycan faciələrinin təqvimi” kitabında toplanmışdır”.

Sərgidə Xocalı soyqırımına həsr edilmiş bir çox başqa kitablar, dövri nəşrlər, fotoşəkillər və videoçarxlar nümayiş edilmişdir. Sərgi 15 gün davam edəcəkdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.
 
  • Paylaş: