www.science.az
18.05.2017 16:38

Həyatını geologiya elminə həsr etmiş alim

Bu ilin may ayında geologiya elminin inkişafında əvəzsiz xidmətləri olan tanınmış alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, geologiya-mineralogiya üzrə elmlər doktoru, professor, AMEA-nın vitse-prezidenti, AMEA Neft və Qaz İnstitutunun direktoru İbrahim Səid oğlu Quliyevin 70 yaşı tamam olur.  

İbrahim Quliyev 1947-ci il may ayının 23-də Qırğızıstan Respublikasının Bazar-Kurqan kəndində Azərbaycan Tibb İnstitutunun ilk məzunlarından olmuş həkim ailəsində dünyaya göz açmışdır. 1954-1965-ci illər  ərzində  Bakı şəhərinin 15 nömrəli orta məktəbində təhsil almış, məzun olduqdan sonra Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. 1970-ci ildə dağ-mühəndisi-geofizik ixtisası üzrə institutu bitirmiş, təyinatla Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutuna böyük laborant vəzifəsinə işə qəbul edilmişdir. İnstitutda böyük laborant, mühəndis, kiçik elmi işçi, böyük elmi işçi vəzifələrində çalışmış İ.Quliyev 1985-ci ildən etibarən həmin müəssisənin elmi işlər üzrə direktor müavini, 2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin üzvü və vitse-prezidenti, 2016-cı ildə isə eyni zamanda AMEA Neft və Qaz İnstitutunun direktoru vəzifələrinə seçilmişdir.

İ.S.Quliyev 1978-ci ildə Moskvada “Faydalı qazıntı yataqlarının geokimyəvi axtarış üsulları” ixtisası üzrə geologiya-mineralogiya elmləri üzrə namizədlik dissertasiyasını, 1989-cu ildə Moskva Universitetində “Neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı və axtarışı” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmiş, 1999-cu ildə isə professor elmi adını almışdır. 2001-ci ildə “Neft-qaz yataqlarının geologiyası və geokimyası” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ildə isə “Geologiya” ixtisası üzrə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

İ.S.Quliyev təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alimdir. Onun rəhbərliyi və iştirakı ilə qırışıq zonalarının qaz rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılmış, karbon tərkibli qazın çıxma həcmi dəyərləndirilmiş və atmosferin aşağı qatlarında paylanması öyrənilmişdir. O, AMEA-nın Geologiya və Almaniyanın Təbii Resurslar institutlarından olan həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxmasının monitorinqinin elmi-texnoloji prinsiplərini şərh etmiş və yer qazlarının həcmində kosmik və geoloji amillərdən asılı olan dövri dəyişmələrin olduğu göstərilmişdir. Bu elmi tədqiqatlar “greenhouse effecti” mexanizminin öyrənilməsində əsas rol oynayır. O, həmkarları ilə birlikdə palçıq vulkanlarının püskürmə məhsullarının, süxurların, neftin, qazın və suyun izotop-geokimyəvi tərkibinin öyrənilməsi üçün ilk dəfə olaraq klassik tədqiqatlar aparmış, palçıq vulkanizminin ən güclü və böyük paroksizmlər müfəssəl surətdə şərh edilən püskürmə kataloqunu tərtib etmişdir. Bu tədqiqatlar çöküntü süxurlarının spontan həyəcanlanması və sıxlıq azalmasının modelini vermiş, seysmik məlumatlar əsasında Cənubi Xəzər hövzəsində böyük dərinlikdə sıxlıq azalma zonasının olduğunu göstərmişdir. Mövcud məlumatların nəzəri tədqiqatı əsasında palçıq vulkanının beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilən orijinal fiziki-kimyəvi modelini hazırlamışdır. Xəzər dənizində subdəniz palçıq vulkanlarının, palçıq vulkanı qaz-hidratlarının tapılması və geoloji-geokimyəvi öyrənilməsinin dünya prioriteti İbrahim Quliyevə və onun AMEA Geologiya və ÜETİ Okeanologiya (Rusiya) institutlarından olan həmkarlarına məxsusdur. İ.Quliyevin önəmli praktik əhəmiyyəti olan tədqiqatlarından biri də Cənubi Xəzər hövzəsi timsalında sürətlə çökən hövzələrin karbohidrogen sistemlərinin öyrənilməsidir.

Təbii qazların, neft-qaz yataqlarının, palçıq vulkanlarının  geologiya və geokimyası sahəsində əldə etdiyi nailiyyətləri və təbiət elminin inkişafına göstərdiyi töhvələri nəzərə alınaraq Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin qərarı ilə akademik İ.S.Quliyev 2014-cü ildə bu akademiyanın “Yer təkinin sistemli tədqiqatı” seksiyası üzrə xarici üzvü seçilmışdır. 2015-ci ildə isə akademik İ.S.Quliyev Rusiya Təbiət Elmləri Akademiyasının “Elm və incəsənət cəngavəri” («Рыцарь науки и искусства») fəxri nişanı ilə təltif edilmişdir.

İ.S.Quliyev 222 elmi əsərin, 10 monoqrafiya, o cümlədən xaricdə 114 əsərin müəllifidir və xarici jurnallarda əsərlərinə çox sayda istinad olunur. Onun rəhbərliyi altında 10 fəlsəfə və 2 elmlər doktorluğu üzrə dissertasiya müdafiə edilmişdir.

İ.S.Quliyev Amerika Neftçi-Geoloqlar Assosiasiyasının Azərbaycan bölməsinin prezidentidir. O, RDU-nin (Moskva) neft və qaz kafedrasında, Azərbaycan Neft Akademiyasının geoloji-kəşfiyyat fakültəsində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Azərbaycan Geoloqlarının Milli Komitəsinin, Azərbaycan neftçi geoloqlar cəmiyyətinin üzvü, Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü, Beynəlxalq Geodeziya və Geofizika İttifaqının Milli Komitəsinin prezidentidir. O, 2015-ci ildə ÇXR-in Sıçuan Universitetinin fəxri professoru seçilmiş, burada dərs demək hüququ qazanmışdır.

İ.S.Quliyev səmərəli elmi-təşkilati fəaliyyətinə görə 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar elm xadimi, 2010-cu ildə Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərinə görə (bir qrup alimlərlə) müstəqil Azərbaycan Respublikasının ilk Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.

Akademik İ.Quliyevin tükənməyən yeni ideyaları və bu ideyaların həyata keçirilməsində göstərdiyi əzmkarlıqla məntiqi sonluğa varmaq həvəsi, elmi-praktik  problemlərin analizində və həllində kompleks və strateji yanaşmaları tətbiq etməsi onu  xaraktercə fərqləndirən əsas cəhətlərdir.

Akademik İbrahim Quliyev həyatının belə əlamətdar tarixində yeni yaradıcılıq ideyalarına sahib olan, həyatda  və yaradıcılıqda aktiv və eyni zamanda Azərbaycan geologiya elminin şərəfi naminə öz elmi-peşəkar  və vətəndaş mövqeyini müdafiə etmiş və buna hər zaman hazır olan elm fədaisidir. İbrahim Quliyev bütün elmi fəaliyyəti ərzində həmkar və dostlarına, tələbələrə qarşı xeyirxah və diqqətli olmuşdur. O hər zaman öz bilik və bacarığını Azərbaycan geologiya elminin inkişafı naminə gənc geoloqların yetişməsinə həsr etmişdir. İ.Quliyevin AMEA-nın inkişafı və dünya elminə iteqrasiyası naminə aparılan islahatlarda aktiv rolu vardır.

Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsi akademik İbrahim Quliyevi yubileyi münasibəti ilə təbrik edir, ona can sağlığı, elmi və  elmi təşkilatı fəaliyyətində yeni yaradıcılıq nailiyyətləri arzu edir.

AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.