www.science.az
18.05.2017 17:08

Beynəlxalq Muzeylər Günündə Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edənlərin sayı 3000-ə yaxın olub

Mayın 18-də ICOM (Beynəlxalq Muzeylər Şurası) Azərbaycan Milli Komitəsinin dəstəyi ilə ölkəmizdə Beynəlxalq Muzeylər Günü qeyd olunur. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər və mübahisəli tarixi məqamlar: muzeylərdə deyilməyənlərin səslənməsi” mövzusuna həsr olunub. Bu mövzu insanlar arasında sülh əlaqələrinin inkişafında muzeylərin rolundan bəhs edir və sülh şəraitində paylaşılan bir gələcək təsəvvür edilərkən mübahisəli tarixin qəbul edilməsini ilk addım kimi vurğulayır.

Hər il olduğu kimi, bu il də AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı” günü keçirilib. 

Bu gün muzeyi çoxsaylı orta məktəb şagirdləri, müxtəlif ali məktəblərdən olan müəllim və tələbə heyəti, ölkədə müvəqqəti məskunlaşan əcnəbilər ziyarət edib. Onlara Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, muzeydə yer alan eksponatlar, mühüm ədəbi faktlar barədə ətraflı məlumat verilib. Beynəlxalq Muzeylər Günündə Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə gələnlərin sayı 3000 nəfər təşkil edib. 

Aksiya vətəndaşların Azərbaycanın milli-mədəni irsi ilə tanışlığına və cəmiyyətin mədəni maarifləndirilməsində muzeylərin rolunun dəstəklənməsinə yönəlib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.