Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

18.05.2017 17:11
  • A-
  • A
  • A+

Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib

Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib

Mayın 18-də AMEA-nın Geologiya və Geofizika İnstitutunda Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib.

Tədbirdə bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov çıxış edərək iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Sonra Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ölkə Prezidentinin "Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlası"nın nəşri barədə 2 mart 2016-cı il tarixli Sərəncamından irəli gələn vəzifələr haqqında məlumat verib. Bildirib ki, atlasın nəşr edilməsində məqsəd təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən strateji neft-qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsidir. Akademik rəhbərlik etdiyi qurumun ilkin mərhələdə 20 atlas hazırladığını diqqətə çatdırıb. O, atlası hazırlanması məqsədilə dövlət başçısı tərəfindən təsdiqlənən redaksiya heyəti üzvlərinin görüşünün zəruriliyini vurğulayıb.

İclasda Coğrafiya İnstitutunda şöbə müdiri vəzifəsi üzrə vakant yerlərə müsabiqədə iştirak edən namizədlərin çıxışları dinlənilib. Nəticədə akademik Ramiz Məmmədov Xəzər dənizinin səviyyə problemləri şöbəsinin, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Zaur İmrani Turizm və rekreasiya coğrafiyası şöbəsinin, coğrafiya üzrə elmlər doktoru Zakir Eminov Tibbi coğrafiya şöbəsinin, AMEA-nın müxbir üzvü Rauf Qardaşov Xəzər dənizinin monitorinqi şöbəsinin, coğrafiya üzrə fəlsəfə doktoru Şamil Əzizov Geoinformatika və kartoqrafiya şöbəsinin, coğrafiya üzrə fəlsəfə doktoru Zabit Allahverdiyev isə Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri vəzifələrinə təsdiqləniblər.

Həmçinin c.ü.f.d, dosent Məhərrəm Həsənovun Rəyasət Heyəti qarşısında Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə namizədliyinin irəli sürülməsi barədə qərar verilib.

İclasda geoloq-alim, geologiya-mineralogiya elmləri doktoru, professor, SSRİ EA-nın müxbir üzvü Əli Əmiraslanovun 110 illik yubileyinə həsr olunan konfransın keçirilməsi barədə qərar qəbul olunub.

Bundan əlavə, AMEA "Xəbərlər" jurnalının Yer Elmləri seriyasının redaksiya heyətində dəyişiklik edilib. Dəyişikliyə əsasən akademik Arif İsmayılzadə, AMEA-nın müxbir üzvü Bağır Süleymanov və c.ü.e.d. Zakir Eminov redaksiya heyətinin yeni üzvləri seçiliblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: