Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Gənclər və İdman Nazirliyi ilə Elmin İnkişafı Fondu arasında əməkdaşlıq haqqında protokol imzalanıb
23.05.2017 09:30
  • A-
  • A
  • A+

Gənclər və İdman Nazirliyi ilə Elmin İnkişafı Fondu arasında əməkdaşlıq haqqında protokol imzalanıb

Mayın 22-də Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) arasında 35 yaşadək gənc alimlərin qrantlar yolu ilə birgə dəstəklənməsi haqqında protokol imzalanıb. Sənədi Gənclər və idman naziri Azad Rəhimov və  Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev imzalayıb.

Prezident İlham Əliyevin 2011-ci il 6 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı və bu Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq tərəflər arasında imzalanmış protokola əsasən, Gənclər və İdman Nazirliyi və Elmin İnkişafı Fondu 2017-ci ildə gənc alim və mütəxəssislərin 4-cü xüsusi (“Mənim ilk qrantım”) birgə qrant müsabiqəsini keçirəcək.

Qrant müsabiqəsi ölkəmizdə təbiət, dəqiq, texniki, humanitar və ictimai elmlər sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental, tətbiqi və innovasiya xarakterli elmi-tədqiqat proqram və layihələrini və digər tədbirləri dəstəkləmək, aktual və müasir elmi problemlərin həlli ilə məşğul olan gənc alimlərin fəaliyyətini stimullaşdırmaq, həmçinin ölkənin sosial-mənəvi, elmi-texniki və iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən regional və beynəlxalq səviyyəli konfrans, simpozium və başqa elmi tədbirlərin təşkili və keçirilməsi kimi xüsusi layihələri kiçik və orta həcmli qrantlar vasitəsilə maliyyələşdirmək məqsədi ilə keçirilir.

EİF tərəfindən gənc alim və mütəxəssislər üçün keçirilmiş üç qrant müsabiqəsində 74 layihə dəstəklənib, tədqiqatların həyata keçirilməsi üçün 1 milyon 470 min manat vəsait ayrılıb. İmzalanmış protokol növbəti müsabiqənin keçirilməsində Gənclər və İdman Nazirliyinin payçı qismində iştirakını müəyyənləşdirəcək.

Tərəflər müsabiqənin keçirilməsinə maliyyə və təşkilati dəstək göstərəcək, qalib qrant layihələrinin rəhbərləri ilə təqdimat xarakterli görüşlər təşkil olunacaq, yerinə yetirilən qrant layihələrinin vaxtaşırı monitorinqində və qiymətləndirilməsində iştirak edəcək, birgə qrant müsabiqəsi ilə bağlı məlumatları internet səhifələrində və KİV-lərdə müntəzəm işıqlandıracaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: