Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Mərkəzi Elmi Kitabxanada İslam Həmrəyliyi Oyunlarına həsr olunan kitabın təqdimatı keçirilib
23.05.2017 09:10
  • A-
  • A
  • A+

Mərkəzi Elmi Kitabxanada İslam Həmrəyliyi Oyunlarına həsr olunan kitabın təqdimatı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığı ilə Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nailə Əskərin “İslam coğrafiyası və Azərbaycanda oyunlar” kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində Folklor İnstitutunun Müasir folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Füzuli Bayat çıxış edərək kitabın İslam Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan dövlətlərin mədəniyyətində xüsusi yer tutan İslam Həmrəyliyi Oyunlarına həsr olunduğunu bildirib. Alim nəşrin təqdimatının İslam Həmrəyliyi Oyunları ilə eyni ərəfədə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını söyləyib.

Sonra MEK-in direktoru, tibb elmləri üzrə fəlsəfə doktoru Leyla İmanova çıxış edərək bu tipli təqdimatların rəhbərlik etdiyi qurumda keçirilməsinin artıq ənənəyə çevrildiyini vurğulayıb. Bildirib ki, yeni nəşrlərin təqdimatlarının keçirilməsində məqsəd MEK-in fondlarına daxil olan ədəbiyyatları istifadəçilərə daha yaxından tanıtmaqdır. “İslam coğrafiyası və Azərbaycanda oyunlar” kitabının MEK üçün əhəmiyyətindən danışan L.İmanova nəşrin Milli Rəqəmsal Yaddaş (MRY) bazasına daxil ediləcəyini qeyd edib.

Tədbirdə kitabın redaktoru, Folklor İnstitutunun əməkdaşı Qumru Şəhriyar çıxış edərək nəşrin ərsəyə gəlməsində müxtəlif kitabxanaların, Misir Mədəniyyət Mərkəzinin, Türkiyə və digər səfirliklərin köməklik göstərdiyini bildirib.

Təqdimat mərasimində Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz, AMEA Folklor İnstitutunun əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru Esmira Şükürova, Ağaverdi Xəlil, Ləman Süleymanova və başqaları çıxış edərək kitabın müxtəlif dillərə tərcümə olunmasının zəruriliyini vurğulayıblar.

Sonra Nailə Əskər müəllifi olduğu kitab barədə ətraflı məlumat verib, nəşrin 3 hissədən ibarət olduğunu deyib Alim əsərin İslam ölkələrində keçirilən ənənəvi idman yarışlarına həsr edilən ilk kitab olduğunu diqqətə çatdırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: