Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.05.2017 13:36
  • A-
  • A
  • A+

Akademik Hətəm Quliyev Kiyevdə beynəlxalq konfransda iştirak edib

Akademik Hətəm Quliyev Kiyevdə beynəlxalq konfransda iştirak edib

AMEA-nın Geologiya və Geofizika İnstitutunun Tektonofizika və geomexanika şöbəsinin rəhbəri, akademik Hətəm Quliyev Taras Şevçenko adına Kiyev Milli Universitetində keçirilmiş “Geoinformatika-2017: Nəzəri və tətbiqi aspektlər” adlı XV beynəlxalq konfransda iştirak edib.

Beynəlxalq tədbirdə o, “Yerin daxili bərk nüvəsi haqqında” mövzusunda məruzə ilə çıxış edib. Məruzə alimin son illər ərzində Yerin daxili strukturu və onun dinamik təkamülü haqqında aldığı yeni elmi nəticələrə həsr olunub. H.Quliyevin irəli sürdüyü geomexanika nəzəriyyəsi əsasında göstərilib ki, Yerin daxili struktur parametrləri geologiya və geofizika elmlərində hazırda qəbul olunmuş elmi mövqelərdən ciddi fərqlənir. Belə ki, Yerin daxili bərk nüvəsinin elastik parametrləri bərk cism mexanikasının tələblərinə uyğun olmadığı isbat edilib və beləliklə, bu strukturun varlığı şübhə altına alınıb.

Azərbaycan aliminin məruzəsi böyük maraq doğurub, alınmış nəticələrin geologiya və geofizika istqamətlərində mühüm elmi nəticə olduğu qeyd olunub.

Konfransda Rusiya, Norveç, Avstriya, Türkiyə, Ukrayna, Qazaxıstan və digər ölkələrin alimlərinin geoinformatikanın müxtəlif sahələri üzrə elmi məruzələri dinlənilib.

Səfər çərçivəsində akademik H.Quliyev bir sıra işgüzar görüşlər də keçirib. EAGE-nin vitse prezidenti, professor Jan Jak Bito, Geoinformatika Ümumukrayna Assosiyasiyasının prezidenti, Ukrayna Milli Elmlər Akademiyasının müxbir üzvü N.Yakimçuk, Taras Şevçenko adına Kiyev Milli Universitetin Geologiya İnstitutunun dekanı, professor V.Mixaylov, həmin institutun Geofizika kafedrasının müdiri, prof. S.Vıjva, Funksional materialların fizikası kafedrasının laboratoriya müdiri, f.r.e.n. A.Onanko ilə keçirilən görüşlərdə geologiya və geofizikanın qarşılıqlı maraq doğuran məsələlərinə dair müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: