Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

AMEA-nın vitse-prezidenti Macarıstanda bir sıra işgüzar görüşlər keçirib
30.05.2017 16:43
  • A-
  • A
  • A+

AMEA-nın vitse-prezidenti Macarıstanda bir sıra işgüzar görüşlər keçirib

AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Macarıstan Elmlər Akademiyasının dəvəti ilə bu ölkədə səfərdə olub. Alim ilk öncə Macarıstan Elmlər Akademiyasının vitse-prezidenti, akademik Lajoş Veskaşla görüşüb. Görüşdə Azərbaycan-Macarıstan elmi əlaqələrinin yeni mərhələdə sistemli şəkildə inkişaf etdirməsinə dair müzakirələr aparılıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin adından ölkələrin Elmlər Akademiyaları arasında birgə əməkdaşlığa dair müqavilənin hazırlanması və müzakirəyə çıxarılması təklifi irəli sürülüb. Azərbaycan tərəfi bu məsələ ilə əlaqədar öz mövqeyini və təkliflərini diqqətə çatdırıb.

Macarıstan EA-nın vitse-prezidenti L.Veskaş ölkəsinin Azərbaycan Milli Elmlər Akademiyası ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib, təklifi məmnunluqla qəbul etdiklərini bəyan edib. Əldə olunmuş razılığa əsasən yaxın müddət ərzində əməkdaşlıq müqaviləsində nəzərdə tutulan müddəalar üzrə tərəflər öz təkliflərini hazırlayacaq və bunun əsasında elmi əlaqələrin təşkili haqqında müqavilə imzalanacaq.

Macarıstan EA-nın Humanitar Tədqiqatlar Mərkəzində aparılan danışıqlarda ictimai və humanitar elmlər istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub. Birgə elmi tədqiqatların aparılması, ölkələr arasında ədəbi-mədəni əlaqələrin öyrənilməsi, zəruri elmi və bədii əsərlərin tərcümə edilərək nəşr olunması, kitabların və elmi jurnalların mübadiləsi ilə bağlı ilkin razılaşmalar əldə olunub.

Akademik İ.Həbibbəyli görkəmli macar yazıçı-dramaturqu İmre Madaçın “İnsanın faciəsi” mənzum dramatik poemasının Azərbaycan dilində nəşrini Macarıstan tərəfə təqdim edib.

Macarıstan EA Humanitar Tədqiqatlar Mərkəzinin rəhbəri, akademik Fodor Pal macar ədəbiyyatının klassiki İmre Madaçın dünya şöhrəti qazanmış əsərinin Azərbaycan dilinə tərcümə olunmasına və kitaba yazılmış müqəddimədə Azərbaycan-macar ədəbi əlaqələrinin geniş elmi mənzərələrinin yaradılmasına görə minnətdarlığını bildirib. Görüşdə Azərbaycan və macar ədəbiyyatlarının tarixi haqqında yazılmış ümumiləşmiş bir əsərin hər iki dilə tərcümə edilib nəşr olunması qərara alınıb.

Macarıstan EA Ədəbiyyat İnstitutunda keçirilmiş görüşdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə əlaqələrin perspektivləri müzakirə olunub. İnstitutun direktoru, professor Qabor Keçskemeti macar ədəbiyyatında Azərbaycan mövzusuna dair maraqlı faktları diqqətə çatdırıb. Azərbaycan və macar ədəbiyyatlarının tarixi haqqında ümumiləşmiş kitabların tərcümə edilməsi və nəşr olunmasına dair razılıq əldə olunub.

Macarıstan Eötvos Lorand Universitetinin Türkologiya Mərkəzində keçirilən görüşdə dilçilik istiqamətində qarşıda duran vəzifələrdən söz açılıb.

AMEA-nın vitse-prezidenti vaxtilə akademik Georq Hazainin qurucu rektoru olduğu Andras Universitetində görkəmli alim və böyük ictimai xadimin xatirəsinə həsr olunan beynəlxalq elmi konfransda da iştirak edib. Tədbirdə akademik İ.Həbibbəyli görkəmli macar alimi G.Hazaini Azərbaycan xalqının böyük dostu kimi səciyyələndirib, onun ölkəmizə səfərlərindən, elm adamları ilə  əlaqələrindən bəhs edib. Bildirib ki, akademik G.Hazainin 2014-cü ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyində iştirakı və çıxışı, ədəbiyyatçı və dilçi alimlərlə görüşləri, AMEA-nın Mərkəzi Elmi Kitabxanası və Naxçıvan Dövlət Universitetinə hədiyyə etdiyi 2000-dən artıq kitab Azərbaycan-Macarıstan elmi əlaqələrinin qiymətli səhifələrini təşkil edir.

AMEA-nın vitse-prezidenti yenicə çapdan çıxan “Macar türkologiyası, Georq Hazai və Azərbaycan” kitabını və xatirə hədiyyələrini beynəlxalq elmi konfransın təşkilatçısı olan Andras Universitetinin rəhbərliyinə təqdim edib.

Qeyd edək ki, Macarıstanda keçirilən görüşlərdə, həmçinin beynəlxalq konfransda Azərbaycan Respublikasının  Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev də iştirak edib.

Azərbaycan nümayəndə heyəti Georq Hazainin uzun illər yaşadığı  evdə onun zəngin kitabxanası əsasında yaradılmş mənzil-kitabxananın, həmçinin xatirə barelyefinin açılışı mərasimlərində də iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: