Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Naxçıvanın mineral-xammal resurslarından bəhs olunan konfrans keçirilib
31.05.2017 14:17
  • A-
  • A
  • A+

Naxçıvanın mineral-xammal resurslarından bəhs olunan konfrans keçirilib

AMEA-nın Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu və Naxçıvan Sement Zavodunun birgə təşkilatçılığı ilə “Yerli mineral xammallar əsasında sement, gips və əhəng istehsalının nəzəri və praktiki əsasları” adlı elmi-praktiki konfrans keçirilib.

Naxçıvan Sement Zavodunda keçirilən tədbirdən öncə Təbii Ehtiyatlar İnstitutunun alim və mütəxəssisləri zavodun laboratoriyalarının iş şəraiti, oradakı avadanlıqlar və sement nümunələrinin analizləri ilə yaxından tanış olublar.

Tədbiri institutun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov açaraq ölkə iqtisadiyyatının inkişafında mühüm yer tutan sement istehsalında istifadə olunan yerli mineral xammallardan danışıb. Ə.Abbasov Naxçıvanın mineral-xammal resurslarının ümumi balansında qeyri-filiz faydalı qazıntılar və tikinti materiallarının mühüm yer tutduğunu bildirib.

Konfransda institutun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru Fizzə Məmmədova “Sement istehsalının inkişaf tarixindən”, Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov “Naxçıvan Muxtar Respublikasında sement istehsalı üçün təbii materiallar”, kimya elmləri doktoru Bayram Rzayev “Təbii gips və gips əsaslı materialların alınması” mövzusunda məruzə ilə çıxış ediblər. Alimlər sement istehsalının tarixindən, onun növlərindən və muxtar respublikada olan Cəhriçay, Lizbirt və Sələsüz xammal yataqlarından söz açıblar. Qeyd olunub ki, əhəngdaşı-mergelli xammalı ilə zəngin Cəhriçay yatağının ehtiyatı təqribən 30 min ton, Lizbirt yatağının C1 kateqoriyası üzrə ehtiyatı isə 16 milyon 386 min ton təşkil edir. 

Konfransın sonunda Naxçıvan Sement Zavodunun istehsal prosesi əyani şəkildə nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: