Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Rusiya imperatorlarının mühafizəsində olmuş Azərbaycan hərbi hissələrinin geyimi bərpa edilib
14.06.2017 10:43
  • A-
  • A
  • A+

Rusiya imperatorlarının mühafizəsində olmuş Azərbaycan hərbi hissələrinin geyimi bərpa edilib

1838-1881-ci illərdə Rusiya imperatorlarının mühafizə xidmətindəki (konvoyunda) Azərbaycan hərbi hissələrinin şəxsi heyətinin bioqrafiyaları, əsgərlərin hərbi geyim və silahları alimlərin səyləri nəticəsində müəyyən edilib.

Belə ki, Rusiya Federasiyası Mədəniyyət Nazirliyi nəzdində Hərbi-tarixi rekonstruksiya və vətən tarixinin öyrənilməsi və qorunması üzrə işçi qrupunun eksperti Dmitriy Kloçkovun araşdırmaları sübut edib ki, azərbaycanlılardan ibarət hərbi hissələrdə geyim, yemək, dini ayinlərin icrası milli əsasda təşkil edilirdi. O, Rusiya arxivlərində qorunan sənədlər əsasında konvoyun tərkib hissələri, o cümlədən Azərbaycan taqımlarının yaradılma səbəbləri, fəaliyyətləri və xüsusiyyətlərini tədqiq edib.

Bundan əlavə, digər tanınmış tədqiqatçı, Beynəlxalq Genealoji Akademiyasının müxbir üzvü Eldar İsmaylov konvoydakı azərbaycanlılar haqqında məlumat, onların keçdikləri döyüş yollarını incəliklərinə qədər müəyyən edə bilib.

Araşdırmalar zamanı bəlli olub ki, sözügedən azərbaycanlıların əksəriyyəti sonralar hərbi məktəblərdə karyeralarını davam etdiriblər. Onlardan dördü general rütbəsinə qədər yüksəlib, mayor Əliqəmbər Vəzirov isə 1856-cı ildə göstərdiyi qəhrəmanlığa görə, imperiyanın ən ali hərbi mükafatı "Mg.Georgi ordeni"nin 4-cü dərəcəsi ilə təltif edilib.

1881-ci ildə imperiyada keçirilən islahatlar nəticəsində imperator konvoyundakı kazaklar istisna olmaqla, digər hərbi hissələr ləğv olunub.

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov konvoydakı həmyerlilərimizin hərbi geyimləri və silahlarını bərpa-rekonstruksiya edib. Bərpa prosesində bütün tarixi xüsusiyyətlər olduğu kimi saxlanılıb.

Qeyd edək ki, sözügedən hərbi geyimlər 21-23 iyun 2017-ci il tarixlərində muzeydə təşkil olunacaq “Hərb tariximizi öyrənək!” adlı sərgidə nümayiş etdiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: