Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

21.06.2017 13:38
  • A-
  • A
  • A+

Tanınmış musiqişünas alim Zemfira Səfərovanın anadan olmasının 80 illiyi qeyd edilib

Tanınmış musiqişünas alim Zemfira Səfərovanın anadan olmasının 80 illiyi qeyd edilib

İyun ayının 21-də AMEA-nın Əsas binasında görkəmli sənətşünas alim, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, akademik Zemfira Səfərovanın 80 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.

Tanınmış elm və mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş nitqi ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq alimin bənzərsiz yaradıcılığından, Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən söz açıb. Bildirib ki, müasirlik və milli musiqi ənənələrinin parlaq təcəssümü Z.Səfərovanın yaradıcılığına xas olan cəhətdir. Yubilyar əlli ildən çoxdur ki, Azərbaycan musiqişünaslığının mühüm və aktual problemlərini tədqiq edir. O, 250-dən artıq elmi əsərin, o cümlədən 40-dan çox kitab və monoqrafiyanın müəllifidir. 

AMEA-nın vitse-prezidenti Azərbaycan musiqi mənbəşünaslığının banisi Z.Səfərovanın akademik Üzeyir Hacıbəyli yaradıcılığının tədqiqi və təbliği sahəsindəki xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, alimin elmi yaradıcılığının mühüm hissəsi ölməz sənətkar Üzeyir Hacıbəyliyə həsr edilib. Üzeyirşünas alim Moskvada və Bakıda nəşr olunan kitablarında ilk dəfə olaraq dahi bəstəkarın yaradıcılığının nəzəri və estetik əsaslarını tədqiq edib, musiqi estetik konsepsiyasının mahiyyətini açıqlayıb, onun elmi və musiqi irsini müxtəlif problemlər baxımından təhlil edib. Z.Səfərova Üzeyir Hacıbəyli irsinin tədqiqinə həsr etdiyi janr və üslubuna görə seçilən sanballı əsərləri ilə üzeyirşünaslığı əsaslı şəkildə zənginləşdirib. 1973-cü ildə Moskvada çap etdirdiyi "Üzeyir Hacıbəylinin musiqi-estetik görüşləri" monoqrafiyasında o, Azərbaycan musiqişünaslığında ilk dəfə olaraq Ü.Hacıbəyli yaradıcılığının estetik konsepsiyasının əsaslarını təhlil edib və mühüm elmi-nəzəri nəticələrə gəlib. 

“Zemfira Səfərova elmi-təşkilati fəaliyyətlə yanaşı, ictimai işlərdə də yaxından iştirak edib” – deyən akademik İ.Həbibbəyli bildirib ki, üzeyirşünas alim 50 ildən çoxdur ki, elmi-təşkilati fəaliyyətini Azərbaycanın mötəbər elm ocağı olan Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutu ilə bağlayıb. O, 1978-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqı Rəyasət Heyətinin üzvü, 2000-ci ildən ittifaqın Musiqişünaslıq və tənqid bölməsinin rəhbəri, Ali Attestasiya Komissiyasının Sənətşünaslıq və Memarlıq üzrə ekspert  şurasının sədridir.

Akademik Z.Səfərovanın xidmətlərinin dövlət və ictimaiyyət tərəfindən də yüksək qiymətləndirildiyini söyləyən İ.Həbibbəyli onun 1989-cu ildə “Əməkdar incəsənət xadimi”, 2006-cı ildə “Əməkdar elm xadimi” fəxri adlarına layiq görüldüyünü, həmçinin AMEA-nın Üzeyir Hacıbəyli adına, “Humay”, “Qızıl qələm”, “Xalqın nüfuzlu ziyalısı” və s. nüfuzlu mükafatlarla təltif edildiyini diqqətə çatdırıb. 

AMEA-nın vitse-prezidenti musiqişünas alimin şöhrətinin ölkə sərhədlərindən kənara çıxdığını, onun bir sıra ölkələrdə Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil etdiyini və müxtəlif beynəlxalq qurumların üzvü olduğunu bildirib.

Sonra Azərbaycan Respublikasının Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək Z.Səfərovanın klassik Azərbaycan musiqisini Şərq musiqi kontekstində tədqiq etməsini yüksək qiymətləndirib. Qeyd edib ki, həyatı boyu yaradıcılıq axtarışında olan üzeyirşünas alim ömrünün 80-ci baharında da ənənəsinə sadiqdir. O, Azərbaycanı, doğma Vətənini böyük məhəbbətlə sevir və ona vicdanla xidmət edir.

Daha sonra çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə bildirib ki, Z.Səfərovanın qədim və orta əsr Azərbaycan musiqisinə əsaslanan tədqiqatları musiqi mədəniyyətimizin tarixinin öyrənilməsində böyük əhəmiyyətə malikdir.

Elmi sessiyada Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva və digər natiqlər çıxış edərək Azərbaycan sənətşünaslığının, musiqişünaslığının aparıcı simalarından biri olan Z.Səfərovanın elmi əsərlərinin əhəmiyyətindən danışıb, akademiki 80 illik yubileyi münasibətilə təbrik ediblər.

Tədbirdə sənətşünaslıq üzrə elmlər doktoru, professor Şəhla Həsənovanın “Musiqişünaslığımızın ilk akademiki Zemfira Səfərova”, sənətşünaslıq üzrə fəlsəfə doktoru “Zemfira Səfərovanın yardıcılığında Dədə Qorqudun musiqi dünyasından Q.Qarayevin musiqi və söz aləminə qədər”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadənin “Akademik Zemfira Səfərovanın yaradıcılığında mənbəşünaslığın problemləri”, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Məmmədovanın “Z.Səfərovanın yaradıcılığında “Şərq musiqisinin peyğəmbəri” kitabı” və sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmurazqızının “Zemfira Səfərova musiqimizin radio və televiziyada təbliğatçısı kimi” mövzusunda məruzələri dinlənilib.

Sonda çıxış edən Z.Səfərova tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib. Yubilyar Azərbaycan musiqisinin təbliği naminə bundan sonra da böyük əzmlə çalışacağını vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: