Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” adlı monoqrafiya çapdan çıxıb
11.07.2017 11:00
  • A-
  • A
  • A+

“Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” adlı monoqrafiya çapdan çıxıb

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Orucovanın “Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” adlı monoqrafiyası işıq üzü görüb.

Kitab AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin elmi redaktorluğu, filologiya üzrə elmlər doktorları - Hüseyn Həşimli və Fərman Xəlilovun rəyi ilə çap olunub.

Monoqrafiya akademik İsa Həbibbəylinin qələmə aldığı “Böyük ədibin şeir yaradıcılığı” adlı ön sözdən, giriş, 3 fəsil və nəticədən ibarətdir.

Əsərdə XIX əsrin sonlarında Naxçıvan ədəbi mühitinin yetirməsi olan, sonralar bütün türk-müsəlman aləminin ikinci Molla Nəsrəddini kimi tanınan və sevilən istedadlı yazıçı, dramaturq, “Molla Nəsrəddin” satirik məcmuəsinin və eyniadlı ədəbi məktəbin yaradıcısı Cəlil Məmmədquluzadənin zəngin və çoxcəhətli yaradıcılığının nisbətən az araşdırılan bir sahəsi tədqiqata cəlb olunub. Kitabda böyük sənətkarın təkcə satirik və lirik şeirləri yox, həm də nəzmlə yazılmış “Çay dəstgahı” alleqorik dramı və habelə felyetonları, məqalələri, dram və nəsr əsərlərində istifadə olunan şeir nümunələri də diqqət mərkəzinə çəkilir.

Monoqrafiyada mollanəsrəddinçi satirik şeirin ideya-estetik, dil və ifadə xüsusiyyətlərinin formalaşmasında Cəlil Məmmədquluzadənin rolundan əsaslı şəkildə bəhs edilir.

Kitabda uzun illər müəllifinin dəqiqləşdirilməsi ilə bağlı ədəbi mübahisələr gedən “Nə işim var?!” satirası ilə bağlı böyük ədibin, müasirlərinin yazdıqları qeydlərə, bu əsərlə bağlı mübahisələrin tarixi və məzmununa diqqət çəkilir və yeni mövqe ortaya qoyulur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: