www.science.az
14.07.2017 12:50

“Applied and Computational Mathematics” jurnalının əməkdaşlarına mükafatlar təqdim olunub

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri (NRYTN) Ramin Quluzadənin əmri ilə ABŞ-ın “Clarivate Analytics” şirkətinin (Thomson Reuters Agentliyi) 2016-cı il hesabatına əsasən, təsir əmsalı (Impact Factor) yüksələn “Applied and Computational Mathematics” (ACM) beynəlxalq jurnalının əməkdaşları mükafatlandırılıb.

NRYTN-in dəstəyi ilə fəaliyyət göstərən jurnalın Azərbaycan elminin təbliğində və dünya elmi fəzasına inteqrasiyasında əhəmiyyətli rol oynadığını nəzərə alaraq, təsir əmsalının artması münasibətilə nəşrin uğurlarında zəhmətləri olan baş redaktor, akademik Fikrət Əliyev, baş redaktorun müavini Nərgiz Səfərova, icraçı redaktor Nazilə Hacıyeva, redaktor assistentləri Nərgiz Hüseynova və Yeganə Məmmədovaya nazirliyin “Fəxri fərman”ları təqdim olunub.

Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının təsis etdiyi bu jurnal, hələ ki, təsir əmsalına malik ilk və yeganə Azərbaycan jurnalıdır.

Qeyd edək ki, ACM jurnalı MDB məkanında bu istiqamət üzrə ən yüksək impakt faktora (1.333) malikdir, Şərqi Avropada isə 3-cü yeri tutur. Nəşr olunduğu 16 il müddətində bu jurnal 45 ölkədən 250-dən artıq beynəlxalq müəssisə ilə elmi mübadilə həyata keçirib.

İngilis dilində nəşr olunan jurnalda tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.