www.science.az
14.07.2017 15:26

İmtiyazlı şəxslərə ictimai dəstək məqsədi daşıyan layihə uğurla başa çatdırılıb

Azərbaycan Milli Elmlər Akademiyası Huquq və İnsan Haqları İnstitutunda “İmtiyazlı vətəndaşlar üçün qanunlar toplusu” adlı kitabın təqdimatına və imtiyazlı şəxslərə ictimai dəstək məqsədi daşıyan layihənin yekununa həsr olunmuş Mətbuat Konfransı keçirilib. “Beynəlxalq Əlillər Cəmiyyəti”nin əlilliyi olan üzvlərinin əl işlərinin satış-sərgisi də təşkil edilib.

Tədbiri giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini Lalə Əhmədova açıb. Bildirib ki, İctimai Birlik Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlilliyi olan insanlar və məhbusların özlərinin və ailə üzvlərinin sosial problemlərinin həllinə ictimai dəstək” adlı layihəni artıq başa çatdırıb. Natiq “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi ilə əməmkdaşlıq çərçivəsində həyata keçirilən əməli tədbirləri də nəzərə çatdırıb.

Sonra çıxış edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri Tahir Xuduyev bildirib ki, əsas məqsəd  qaçqın, məcburi köçkün, müharibə veteranları, əlilliyi olan insanlar və məhbusların özlərinin və ailə üzvlərinin sosial problemlərinin öyrənilərək müsbət həllinə nail olmaqdır. Bu istiqamətdə onlarla maarifləndirmə işləri aparılıb, həmçinin məhbusların hələ Cəza Çəkmə Müəssisələrindən başlayaraq həyata adaptasiya və reabilitasiyasına köməklik göstərilib.

Qeyd edib ki, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləyən ölkəmizdə intensiv məhkəmə-hüquq islahatları aparılır, qanunvericiliyə mütərəqqi dəyişikliklər edilir. Beynəlqxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində həyata keçirilən bu islahatlar çərçivəsində digər sahələrlə yanaşı Ədliyyə Nazirliyinin tərkib hissəsi olan penitensiar sistemin də işinin təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Tahir Xuduyev onu da əlavə edib ki, təqdim olunan “İmtiyazlı vətəndaşlar üçün qanunlar toplusu” Birliyin Hüquqi işlər üzrə təlimatçı, Ədliyyə müşaviri Fərman Rzayevin xeyriyyəçiliyi ilə layihədən kənar nəşr edilib.

Daha sonra çıxış edən natiqlər yeni nəşrin əhəmiyyətini vurğulayaraq ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr zəminində bu xidmətin fəaliyyətini tənzimləyən və insan hüquqlarının daha etibarlı təmin olunmasına yönələn mütərəqqi qanunlar, çoxsaylı digər normativ hüquqi aktlar qəbul olunub. Bu baxımdan Beynəlxalq Əlillər Cəmiyyəti İctimai Birliyinin təşəbbüsü ilə qanunuvericilik aktlarının təbliği ilə bağlı yeni nəşrlərin hazırlanması xüsusilə diqqətə layiqdir. Hər bir vətəndaşın qanunla müəyyən olunmuş hüquqlarını bilməsi, bu barədə müvafiq məlumatları bilavasitə əldə edə bilmək imkanına malik olması nöqteyi-nəzərindən də  kitab hər bir vətəndaşın masaüstü vəsaitinə çevrilməlidir.

Tədbirdə “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri və “Əlillər Dünyası” qəzetinin baş redaktoru Tahir Xuduyevə “Qızıl Qələm” mükafatı da təqdim olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.