Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

24.07.2017 18:53
  • A-
  • A
  • A+

Tarix İnstitutuna ərəb dilində on min elektron kitab hədiyyə olunub

Tarix İnstitutuna ərəb dilində on min elektron kitab hədiyyə olunub

İyulun 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbirlər planı çərçivəsində ərəb dilində elektron kitabların təqdimatı keçirilib.

Tədbirdə Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi Tarix İnstitutuna 10 min elektron kitab hədiyyə edib. Bunların arasında müasir ərəb və Misir tarixçilərinin əsərləri, “Müasir İslam tarixində Osmanlı dövləti”, “Osmanlı dövləti necə süqut etdi”, “Təbəri tarixindən seçmələr”, “İraq mədəniyyəti”, “Ərəb ədəbiyyatı tarixi” və digər kitablar, bundan əlavə fəlsəfə, uşaq ədəbiyyatı, şeir, hədis və lüğətlər də var.

İclasda institutun direktoru, akademik Yaqub Mahmudov kitab hədiyyəsini yüksək qiymətləndirib. Akademik qeyd edib ki, Azərbaycan İslamın yayıldığı ilk ölkələrdəndir. Tarix İnstitutunun nəşrləri olan “Qarabağ: real tarix, faktlar, sənədlər” və “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabları ərəb dilində də çap olunub.

Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktorunun Azərbaycan üçün mühüm işlər gördüyünü deyən Y.Mahmudov Tarix İnstitutunun əməkdaşları üçün ərəb dili kurslarının təşkil olunduğunu diqqətə çatdırıb.

Əhməd Sami Elaydi bildirib ki, Azərbaycan ilə Misir arasındakı əlaqələrin dərin tarixi kökləri var. Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycanda ilk və yeganə ərəb mədəniyyət mərkəzidir. Bu qurum Bakıda 1999-cu ildən fəaliyyət göstərir.

Tədbirdə digər çıxış edənlər AMEA-nın Tarix İnstitutu ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi arasındakı əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Sonda institutun direktoru misirli qonağa "Azərbaycan Respublikasının Milli Atlası"nı və “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının ərəbcə nəşrini hədiyyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: