www.science.az
05.08.2017 08:04

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib

Görkəmli bioloq alim, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenləri laureatı, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Siddiqə Rza qızı Məmmədova 2017-ci il avqustun 5-də ömrünün 93-cü ilində vəfat edib. 

Siddiqə Məmmədova 1925-ci il mart ayının 8-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şəhriyar kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1940–1943-cü illərdə Gəncə Kənd Təsərrüfatı Texnikumunda oxumuş, 1943–1947-ci illərdə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsində ali təhsil almışdır. 

Əmək fəaliyyətinə 1952-ci ildən etibarən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda başlayan alim 1963-cü ilədək burada assistent və dosent vəzifələrini tutmuşdur. O, 1963-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru təyin edilmiş və ömrünün sonunadək həmin vəzifədə çalışmışdır.

S.Məmmədova 1952-ci ildə kənd təsərrüfatı elmləri namizədi, 1971-ci ildə biologiya elmləri doktoru elmi dərəcələrini almışdır. O, entomologiya ixtisası üzrə 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmişdir.

Akademik respublikada kənd təsərrüfatı elmləri sahəsində uzunmüddətli səmərəli fəaliyyətinin nəticəsi olan çoxsaylı tədqiqatları ilə tanınmış və qazandığı uğurlarla Azərbaycan elminin inkişafına töhfələr vermişdir. O, əsərlərində bitkilərin mühafizəsində ekoloji cəhətdən təhlükəsiz və yeni texnologiyaların tətbiqini, eləcə də kənd təsərrüfatı bitkilərinin zərərli faunasına qarşı mübarizə üsullarının işlənib hazırlanmasını xüsusilə diqqət mərkəzində saxlamışdır. Alimin aktual mövzulara həsr olunmuş araşdırmaları respublikada aqrar elmlər qarşısında duran bir sıra mühüm vəzifələrin həllinə kömək göstərmişdir.

Bioloq alim zəngin elmi yaradıcılığı ilə pedaqoji fəaliyyətini uğurla əlaqələndirmişdir. O, uzun illər Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda yüksək ixtisaslı kadrların hazırlanması işinə böyük əmək sərf etmişdir. Alimin rəhbərliyi ilə onlarla fəlsəfə və elmlər doktorları yetişdirilmişdir.

Akademikin bitki mühafizəsi sahəsində apardığı çoxillik araşdırmaların nəticələri 200-dən artıq elmi əsərdə, o cümlədən 3 monoqrafiya və 5 tədris vəsaitində əksini tapmışdır. Müxtəlif ixtiralara görə aldığı 10-dan artıq patent alimin gərgin əməyinin bəhrəsidir. 

S.Məmmədovanın ictimai fəaliyyəti də təqdirəlayiq olmuşdur. O, bir neçə çağırış yerli sovet və Azərbaycan Ali Sovetinin deputatı seçilmişdir.

Alimin ölkədə elmin inkişafı sahəsindəki xidmətləri daim yüksək qiymətləndirilmişdir. O, bir sıra orden və medallarla təltif edilmiş, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən “Şöhrət” və “Şərəf” ordenlərinə, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülmüşdür.

Görkəmli alim və tanınmış pedaqoq, səmimi insan Siddiqə Məmmədovanın əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.