www.science.az
11.08.2017 10:01

Tanınmış geoloq alimi 80 illik yubileyi münasibətilə təbrik edirik!

Avqust ayının 14-də görkəmli geoloq alim, Əməkdar elm xadimi, Azərbaycan Respublikasının Əməkdar geoloqu, “Şöhrət” ordenli, AMEA-nın Geologiya və Geofizika İnstitutunun Petrologiya şöbəsinin müdiri, akademik Arif İsmayılzadənin 80 yaşı tamam olur.

Arif İsmayılzadə 1937-ci il avqustun 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsini (indiki AzərbaycanDövlət Neft Akademiyası) mühəndis-geoloq ixtisası üzrə bitirmişdir. 1968-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 1990-cı ildə elmlər doktoru alimlik dərəcələrini almış, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə  isə AMEA-nın həqiqi üzvü seçilmişdir.

Alim 1959-cu ildən etibarən Geologiya İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya rəhbəri (1976-cı ildən bu günə kimi) vəzifələrində çalışmışdır. 1996-cı ildən Ali Attestasiya Komissiyasının Yer elmləri şöbəsinin ekspertidir. 2005-ci ildə AMEA Geologiya İnstitutunun Petrologiya və metallogeniya  seksiyasının rəhbəri təyin edilmişdir. 2007-2013-cü illərdə AMEA Yer Elmləri Bölməsinin akademik-katibi olmuşdur. 1995-ci ildən Azərbaycan Geoloqları Milli Komitəsinin icraçı-katibidir.

A.İsmayılzadə 2001-ci ildən AMEA-nın “Xəbərlər” (Yer elmləri seriyası) və “AMEA Geologiya İnstitutunun Əsərləri” jurnallarının redaksiya heyətinin üzvüdür.

2002-ci ildən Bakı Dövlət Universitetinin Geologiya fakültəsində Faydalı qazıntılar kafedrasında magistrlərə seçmə fənnləri tədris edir.

Akademikin elmi maraq dairəsi yer qabığı hissəciklərinin struktur və faza vəziyyətinin, yuxarı mantiyanın və proseslərin modelləşdirilməsi, litosfer plitələrinin destruktiv sərhədlərindəki müxtəlif geodinamiki rejimlərdə inkişaf edən yer qabığı-mantiya problemlərinə həsr edilmişdir.

Geoloq alimin tədqiqatlarının nəticələri 5 monoqrafiya, o cümlədən 170-dən artıq elmi əsərdə öz əksini tapmışdır. Onların sırasında “Azərbaycan geologiyası” səkkiz cildli fundamental əsərin “Maqmatizm”, “Tektonika”, “Faydalı qazıntılar” cildləri, “Talışın geologiyası və vulkanizmi”, “Paleogen təkamülü və Cənubi Xəzər hövzəsinin çökmə kompleksləri”, “Qabbro-hiperbazitlər və Kiçik Qafqaz ofiolitlərinin problemləri” kitabları xüsusi qeyd olunmalıdır.

O, Azərbaycan elmini dəfələrlə dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq konqres, simpozium, konfrans və yığıncaqlarda ləyaqətlə təmsil etmişdir. 

A.İsmayılzadənin fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və o, Əməkdar elm xadimi və Azərbaycan Respublikasının Əməkdar geoloqu fəxri adlarına, “Şöhrət” ordeninə layiq görülmüşdür.

Görkəmli alimi 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona möhkəm can sağlığı və Azərbaycan geologiya elminin tərəqqisi yolunda yaradıcılıq uğurları arzu edirik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.