Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Çinin elm və ədəbiyyat qurumları ilə əməkdaşlıq genişlənir
28.08.2017 09:50
  • A-
  • A
  • A+

Çinin elm və ədəbiyyat qurumları ilə əməkdaşlıq genişlənir

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Çin Xalq Respublikasının elm və ədəbiyyat qurumları arasında mövcud əməkdaşlıq və perespektivlərə dair müzakirələr aparılıb.

Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Çinlə elmi və ədəbi əlaqələrin müstəqillik illərindəki tarixinə toxunub. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına səfərini müstəqillik illərində əlaqələrin mühüm başlanğıc nöqtəsi olduğunu xüsusi vurğulayan akademik İsa Həbibbəyli 2015-ci ildə Prezident İlham Əliyevin Çinə səfəri və keçirilən görüşlərin əməkdaşlıq üçün zəngin töhfələr verdiyini bildirib. O, Ədəbiyyat İnstitutunda Konfutsi Mərkəzinin fəaliyyət göstərdiyini, Çin dilinin tədris olunduğunu diqqətə çatdırıb.

“AMEA-nın rəhbərliyi 2015-ci ildə Çinə səfər etmiş və burada İctimai Elmlər Akademiyasında müxtəlif formatda görüşlər keçirmişdir” – deyə bildirən akademik İsa Həbibbəyli bundan sonra da qarşılıqlı elmi əlaqələrin uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Sonra Çindən altıaylıq elmi ezamiyyətdən geri dönmüş Ədəbiyyat İnstitutunun əməkdaşı Nərgiz Kərimovanın hesabatı dinlənilib. O, Çinin Xefey şəhərində yerləşən Anxoy Universitetində Çin dili ilə bağlı kurs keçdiyini deyib və qazandığı təcrübəni bölüşüb.

Görüşdə iştirak edən Pekin Xarici Dillər Universitetinin Asiya-Afrika dilləri fakültəsinin dosenti Aqşin Əliyev Çində Azərbaycan elminin təbliğinin müasir vəziyyəti, görülən işlər barədə məlumat verib. Bildirib ki, 2017-ci ilin fevral ayından Pekin Xarici Dillər Universitetində Azərbaycan dili tədris olunmağa başlayıb. 2018-ci ildə isə Azərbaycan dili üzrə tələbə qəbulu nəzərdə tutulur. Həmçinin Çin-Azərbaycan dili lüğəti hazırlanıb, “Kitabi Dədə Qorqud” dastanı Pekində Çin dilində çapdan çıxıb.

İnstitutun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov çıxış edərək son zamanlar Azərbaycan-Çin ədəbi əlaqələrinin inkişaf etdiyini və bu əməkdaşlığın gələcəkdə ciddi elmi tədqiqatlar aparmağa  imkan verdiyini bildirib.

Sonda akademik İ.Həbibbəyli gələcək əməkdaşlığa dair təkliflərini bildirib.

Tədbirdə AMEA-nın marşı səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: