Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.08.2017 14:57
  • A-
  • A
  • A+

İnnovasiya və texnologiyaların idarə olunmasına dair dünya təcrübəsi öyrənilir

İnnovasiya və texnologiyaların idarə olunmasına dair dünya təcrübəsi öyrənilir

Avqustun 28-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə əməkdaşlıq çərçivəsində Avropa İttifaqının TAİEX - Texniki Yardım və İnformasiya Mübadiləsi layihəsinin mütəxəssisləri tərəfindən AMEA-nın Yüksək Texnologiyalar Parkında təlim-seminar başlayıb.

Sloveniyanın Lyublyana Texnoparkının mütəxəssisləri tərəfindən keçirilən seminar “Texnologiya parklarının planlaşdırılması və idarəolunması” mövzusuna həsr olunub.

Seminarın keçirilməsində məqsəd texnologiya parklarının inkişaf etdirilməsi və idarəedilməsi istiqamətində Avropa Birliyi təcrübəsini öyrənməkdir. Dörd gün davam edəcək seminar-təlimdə iştirakçılar innovasiyalar, texnologiyaların idarə olunmasında ənənəvi və müasir modellərlə tanış olacaqlar.

Təlim zamanı elm və texnologiya parkları, biznes inkubatorların ənənəvi rolları, texnologiya parklarının inkişaf tarixi və istiqamətləri, innovasiyalar, elmin kommersiyalaşdırılması və digər mövzular üzrə müzakirələr aparılacaq. Seminar çərçivəsində “Elm və texnologiya parklarına dəstəyin artırılmasında ənənəvi “LEAN approach” – “Yalın yanaşma” mövzusuna da toxunulacaq. Bu yanaşmanın əsas məqsədi daha az resursdan istifadə edərək dəyəri maksimuma çatdırmaqdır. "Elm Texnologiya Parklarının fəaliyyətinin inkişafında Yalın metodologiyasına baxış", "Yalın metodologiyasının praktiki istifadəsi" və s. təlimin əsas mövzularından olacaq.

Seminarın açılış mərasimində çıxış edən AMEA Yüksək Texnologiyalar Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev ölkədə innovasiya və texnologiyaların idarə olunması təcrübəsinin inkişaf etdirilməsinin vacibliyindən danışıb. Bu sahədə dünya təcrübəsinin öyrənilməsi, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib.

Təlimdə ölkədə fəaliyyət göstərən bir sıra dövlət qurumları, ali təhsil müəssisələri və texnologiyalar parklarının nümayəndələri iştirak edirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: