www.science.az
11.09.2017 09:10

“Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda tədbir keçirilib

Binəqədi Rayon İcra Hakimiyyətində “Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri kimi” mövzusunda “Məlumat saatı” keçirilib.

Tədbirdə rayon bələdiyyələri, təhsil işçiləri, ASAN Könüllülər və Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov açaraq mövzunun əhəmiyyətindən danışıb.

Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev Binəqədi rayonunda “Məlumat saatı”nın ənənəvi olaraq Bilik Fondu ilə birgə keçirildiyini vurğulayıb və qarşılıqlı əməkdaşlığın davamlı olacağını deyib.

Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov isə çıxışında ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” fikrini xatırladaraq, Azərbaycanda bu sahəyə həmişə diqqət və qayğı göstərildiyini söyləyib. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımların atıldığını deyən M.Mərdanov təhsilin normativ hüquqi bazasının təkmilləşdirildiyini, maddi-texniki təminat istiqamətində dövlət başçısının sərəncamları əsasında mühüm tədbirlərin həyata keçirildiyini və təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətli dərəcədə genişləndirildiyini vurğulayıb.

Sonda məruzə ətrafında suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.